Rusiyanın təhdidləri qarşısında…

Mustafa Hacıbəyli

Moskva Azərbaycanı təhdid edir. 

Rusiya mediasında Azərbaycana qarşı hədə-qorxu dolu növbəti yazı dərc edilib. “Незыгар” teleqram kanalı  iddia edib ki, Rusiya Təhlükəsizlik Şurası, AZAL-ın vurulmasına görə məsuliyyət daşıyanların cəzalandırılması ilə bağlı rəsmi Bakının tələblərinə cavab olaraq, Azərbaycana qarşı  “tədbirlər” hazırlayır.

İddia olunur ki, Dmitri Medvedevin təşəbbüsü ilə hazırlanmaqda olan bu tədbirlərin sırasına Rusiya Federasiyasından Azərbaycana pul köçürmələrinin qarşısının alınması, Bakı-Novorossiysk neft kəmərinin dayandırılması, Azərbaycandan Rusiyaya kənd təsərüfatı məhsullarının ixracına məhdudiyyətlər və s. sanksiyalar daxil ola bilər. Yazıda Rusiyanın Azərbaycanın şimal rayonlarında  separatizmi körükləyə biləcəyinə də işarə edilib.

Rəsmi Bakı gözlənilən təhlükə qarşısında xarici siyasətinə düzəlişlər etməli, ölkə daxilində siyasi və iqtisadi açılıma getməlidir.

Rusiyanın mümkün təzyiqləri qarşısında tək qalmamaq üçün Azərbaycanın maraqları çərçivəsində bütün dünya dövlətləri ilə münasibətlər sahmana salınmalıdır.

Ölkədə monopoliyalara son qoyulmalı, vətəndaşlarımızı dolanışıq üçün Rusiyaya getməyə məcbur edən səbəblər aradan qaldırılmalıdır.

Siyasi məhbusların azad olunması və digər addımlar vasitəsilə Azərbaycanın daxilində gərginlik aradan qaldırılmalıdır.