Tramp komandasının Münhen rəzaləti
Kamran Cəfərov
Almanlar zəncir çeynəyirlər.
Bir f*şist ultra-sağçının(Vens), faşizmdən ən çox zərər görən ölkəyə(Almaniya) gəlib, həmin ölkənin siyasi elitasında növbəti seçkilərdən sonra f*şist mahiyyətli partiyanı(AfD) hakim koalisiyaya daxil edilməsinin lobbiçiliyini edir, təsəvvür edirsiniz? Təbii ki, baş verənlər fonunda almanlar son dərəcədə qəzəblidirlər, amma məsələnin müsbət tərəfi odur ki, baş verənlər avropalılar üçün “soyuq duşdur”. Bu “soyuq duş” yatan avropalıları ayıldacaq.
Bu azmış kimi Vens Avropaya demokratiya dərsi keçməyə çalışdı. Halbuki Avropa demokratiyasının tarixi və ənənələri ABŞ demokratiyasından daha çox və oturuşmuşdur. Və ümumiyyətlə, dövlət çevrilişi cəhdini(6 yanvar 2021) dəstəkləyən birisinin “demokratiya” sözünün “d”-sini deməyə haqqı yoxdur, o ki qaldı Avropaya demokratiya dərsi keçməyə.
Heqset
Ümid edirəm ki, Pit Heqsetin mətbuat konfransına baxmamısınız. Dünyanın ən qüvvətli və güclü ordunun başında duran adamın, viski içə-içə mətbuat konfransı keçirməyini görmək çox rəzil bir səhnədir, hələ dediyi absurd fikirlərə toxunmuruq.
“Atəşkəs, atəşkəs, atəşkəs, metallar, metallar, metallar”.
Bu sözləri Tramp və onun komanda üzvlərindən tez-tez eşidirik, amma və lakin Trampın atəşkəs razılaşması hələ də hazır deyil. Eyni sözləri Ukraynanın ABŞ-la(məhz Ukraynanın ABŞ-la, ABŞ-ın Ukrayna ilə yox, ona görə ki, təklifin müəllifi Ukraynaya idi) bağlamaq istədiyi nadir torpaq metalları ilə bağlı sazişə aiddir(Zelenski imzalamağı rədd edib, sənəd üzrə işləməyə davam edirlər).
Xoşuma gələn maraqlı məqamlardan biri, NATO-nun Baş katibi Rüttenin Vensin nitqini “fəlsəfi” adlandırması idi. Diplomatiya dilindən tərcümə etsək, “Vens boş-boş danışır” alınacaq.
* Diplomatlarda “filosof” sözü təhqir kimidir, öz aralarında qeyri-ciddi adamlara, məzələndikləri adamlara “filosof” deyirlər. Fəlsəfə uzmanları inciməsin bizdən.
Və bu arada Almaniya, Fransa, Böyük Britaniya, Baltik ölkələr və Avropanın digər ölkələrindən Ukraynaya dəstək gündə-günə daha uca səslə eşidilir. Bu təsadüf deyil…