Prokuror Tofiq Yaqubluya 10 il cəza istədi – Müsavatdan etiraz
Bu gün, fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya qarşı məhkəmə prosesi davam edib. Dövlət ittihamçısı Tural Yaqubov Tofiq Yaqublunun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Tofiq Yaqubluya qarşı ittihamın tam əsassız olduğunu bildirib.
“Hər hansı cinayət əməli törətməyən, ona qarşı irəli sürülən ittihamların yalan olduğunu məhkəmə istintaqı zamanı cümlə-cümlə, sözbəsöz sübut edən Tofiq Yaqubluya 10 il(!) həbs cəzasının istənilməsi ölkədə Ədalət Mühakiməsi sisteminin tamamilə iflasa uğramasının daha bir nümunəsidir.
Tofiq Yaqublu günahsızdır, ona qarşı irəli sürülən ittihamların tam əsassız, uydurma olduğu məhkəmə istintaqı zamanı biri digərini təsdiq edən bir sıra sübutlarla təsdiq edilib.
Tofiq Yaqublu dərhal azad edilməli, ona qarşı uzun illər fasiləsiz davam edən təqiblərə son qoyulmalıdır” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində vurğulayıb.