Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı

Fevralın 26-da Xətai Rayon Məhkəməsində həbsdə olan Toplum TV əməkdaşı Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Vəkili Bəxtiyar Hacıyevin Amerikanın Səsinə bildirdiyinə görə, məhkəmə Bəylərqızının səhhətindəki problemləri nəzərə alaraq onun ev dustaqlığına buraxılması haqqında vəsatəti təmin edib.

Bəylərqızının həyat yoldaşı İsmayıl Eyyubov daha öncə Amerikanın Səsinə jurnalistin hipertoniyadan (arterial təzyiqin yüksək olması), yüksək şəkərdən, işemiyadan əziyyət çəkdiyini, beyin nahiyyəsində kista olduğunu bildirib.

Bəylərqızı fevralın 5-də saxlanılıb. O, Toplum TV ilə çalışsa da, vəkilinin sözlərinə görə, hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata ayrılıb. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Toplum TV-nin həbsdə olan əməkdaşlarının əksəriyyəti ötən ilin martında saxlanılıblar. Onların işi üzrə ibtidai istintaq bitsə də, Bəylərqızının işi üzrə istintaq davam edir.

Toplum TV əməkdaşları əvvəlcə yalnız qaçaqmalçılıqda ittiham edilsə də, bu il yanvarın 17-də Bəylərqızına qarşı olan ittihamlar onlara qarşı da irəli sürülüb.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var. Onların 27 nəfərini jurnalistlər və bloqerlər təşkil edir.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.