Xocalı soyqırımının qurbanları anıldı

Bu gün bütün ölkə boyunca Xocalı soyqırımının qurbanları yad edilib. 

Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Bakıdakı “Ana harayı” abidəsini ziyarət ediblər.

Müsavat başqanı İsa Qəmbər abidə önündə etdiyi qısa çıxışında Azərbaycan xalqının Xocalı qətliamını və müqəddəs şəhidləri heç vaxt unutmayacağını vurğulayıb. 

XOCALI FACİƏSİ

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alınıb, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan aramsız atəş açılıb, az bir vaxt ərzində şəhərdə yanğınlar baş verib. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olublar. Fevralın 26-sı gecə saatlarında şəhər erməni işğalçıları tərəfindən zəbt edilib. 

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçıb. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutublar. Çoxlu sayda qız-gəlin əsir girov götürülüb.  Düsməndən yayınıb meşələrə, dağlara qaçanların çoxu soyuqdan, şaxtadan məhv olub…

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyil.

Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır.

Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta meyitləri də təhqir etmişlər…

Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.

Bu gün Sumqayıt şəhərində də Müsavatın yerli təşkilatının təmsilçiləri Xocalı abidəsini ziyarət ediblər.

 

Zakir İsmayıl