Vəkilləri Tofiq Yaqubluya bəraət istədi

Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqubluya qarşı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Müsavat Partiyası və Milli Şuranın rəhbərliyi ilə yanaşı, diplomatik korpusunun nümayəndələri, jurnalistlər və ictimai fəallar iştirak ediblər.

Tofiq Yaqublunun vəkilləri Nemət KərimliAqil Layıc çıxış ediblər. Hər iki vəkil Tofiq Yaqublunun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Vəkil Nemət Kərimlinin məhkəmədəki müdafiə nitqini ixtisarla təqdim edirik:

Möhtərəm  hakimlər!

1.Hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxs Tofiq Rəşid oğlu Yaqublu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunur.

2.Təqsirləndililən şəxs Elnur Məmmədov haqda internet resurslarında kifayət qədər məlumat var. Məsələn, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyevlə barəsindəki cinayət işinin istintaqı zamanı verilən ifadələrdə Elnur Vaqifoğlunun “TT” kod adı ilə agent kimi fəaliyyət göstərdiyi qeyd edilib. Elnur Vaqifoğlu 2014-cü yanvar ayının 30-da Taleh Bağırzadənin Müsəlman Birliyi Hərəkatı yaratması barədə MTN-ə məlumat verib və bunun müqabilində 10 min manat pul mükafatı alıb.

3.Getcontact” proqramı ilə zərərçəkən Elşən Hüseynova məxsun 0-55-555-16-82 nömrəsini axtarışa verəndə “Elşən Xəzər Polisi Şahid”, “Elşən Polisdə İş Həlledən”, “Elşən Agdamlı Yahudi”, “Elşən Polisə İşləyən”, “Elshen polisin ishvereni” və s. kimi adlar çıxır.

4.Elşən Hüseynov (istintaq onu zərərçəkən kimi tanıyıb -red.) 60 min mantının dələduzluq yolu ilə ələ keçirilməsi haqda 10.12.2023 tarixində 16-cı PB-yə şikayət ərizəsi yazır və DİN-nin 102 xidmətinə zəng vurur. E. Hüseynovun 102-yə zəng etməsi haqda heç bir sübut və fakt yoxdur. Elşən Hüseynov 10.12.2023 tarixli şikayət ərizəsində, eyni zamanda 16-cı PB-nin təhqiqatçısı E.Səfərova izahat verərkən, Tofiq Yaqublunun 1 gün ərzində ona viza düzəltməməsindən  və bu işdə vasitəçi olan Elnur Məmmədovun telefonuna zəng çatmadığından aldadıldığını və 60 min manat pulunun mənimsənildiyini anladığını yazır.

5.  Elşən Hüseynovdan 11.12.2023 tarixində ifadə alınıb. Həmin protokolda göstərilir ki, dindirmə saat 15:00-da başlayıb və saat 16:00-da bitib. 1 saat çəkib. Bu dindirmə protokolunun sual-cavab hissəsi düz 5 səhifə yarım təşkil edir. 1 saat ərzində bu qədər işi görmək mümkün idimi? Əlbəttə ki, yox.. Deməli, dindirmə protokolunu əvvəlcədən hazırlanıb və sonra Elşən Hüseynova imzalatdırılıb.  Elnur Məmmədovdan ifadə 11.12.2023 tarixində alınıb, dindirmə saat 19:40 başlayıb və saat 21:10-da bitib. Yəni, 1 saat 30 dəqiqə çəkib və o, cəmi 4 səhifədən ibarətdir. Elşəndən 5 səhifəlik ifadə alınır və bu, cəmi 1 saat çəkir. Amma Elnurdan 4 səhifəlik ifadə alınır buna isə 1 saat 30 dəqiqə sərf olunub. T. Yaqubludan alınmış ifadənin həcmi 2 səhifə yarımdan bir az da çox olmaqla ona sərf edilən vaxt 1 saat 15 dəqiqə təşkil edir.

6.  Müstəntiq 11.12.2023-cü il tarixdə cinayət işinin başlanması haqqında qərar qəbul edir, qeyd edir ki, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında müəyyən etdim ki, Elşən Hüseynovun pullarının dələduzluq yolu ilə ələ keçirilməsi cinayəti baş verib. Hımin gün hansı toplanmış sübutlar vardı?  Cinayət işi materiallarında Elşənin zərərçəkmiş kimi tanınması 36-cı səhifədə, onun dindirilmə zamanı alınan ifadəsi 45-ci səhifədə, Elnurun ifadəsi isə 81-ci səhifədədir.

7.  Bu  qərarlar qəbul edilərkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin  223.1 və 223.2-ci maddələrinin tələbləri pozulmuşdur.

a)   AR    CPM-nin 223.1-ci maddəsinə əsasən ”Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır.”

b)  İlkin sübutların məcmusu o halda kifayətedici sayılır ki, həmin sübutlar cinayət hadisəsinin mövcud olmasını, cinayət əməlinin tövsifinin, təqsirləndirilən şəxs qismində cəlb edilən şəxsin təqsirini, habelə cinayət məsuliyyətini aradan qaldıran halları müəyyən etsin.

c)  Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına əsasən şübhənin  əsaslığı dedikdə, obyektiv müşahıdəçı şəxsi inandıra biləcək fakt və məlumatların mövcudluğu başa düşülür.

ç) Lakin müstəntiqin qərarında ilkin sübutların məcmusu göstərilməmiş və əsaslandırılmamışdır, yəni ittihamın irəli sürülməsi üçün törədilmiş əməldə cinayət tərkibinin bütün əlamətlərinin mövcud olmasını sübut edən fakt və məlumat olmamışdır.

8. AR  Cinayət Prosessual Məcəlləsinə əsasən

209.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmçinin aşağıdakı hallarda dərhal cinayət işini aşkar edilmiş fakt üzrə başlamalıdır:

209.2.1. qətl əlamətlərinin izləri ilə insan meyiti aşkar edildikdə;

209.2.2. tanınmamış insan meyiti, insan bədəninin hissələri, yaxud onların basdırılma yerləri aşkar edildikdə;

209.2.3. insanların kütləvi həlak olması, yoluxması və ya zəhərlənməsi əlamətləri olduqda;

209.2.4. ictimai və ya yaşayış yerlərində, habelə dövlət müəssisə, idarə və ya təşkilatlarının binalarında güclü partlayış, yaxud yanğın baş verdikdə;

209.2.5. qanuni əsaslarla saxlama halları istisna olmaqla, odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular, radioaktiv materiallar, zəhərləyici maddələr aşkar edildikdə;

209.2.6. insanların oğurlanması və ya onların girov götürülməsi əlamətləri, habelə insanlar xəbərsiz itkin düşdüyü hallarda onların qətlə yetirilməsinə şübhələr olduqda;

209.2.7. insan qanunsuz olaraq azadlıqdan məhrum edildikdə;

209.2.8. tarix və ya mədəniyyət abidələri, habelə qəbirlər üzərində təhqiredici hərəkətlər edildikdə;

209.2.9. silahlı qiyam olduqda, hakimiyyət zorla ələ keçirildikdə və ya zorla saxlanıldıqda;

209.2.10. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə açıq çağırışlar olduqda;

209.2.11. kütləvi iğtişaş olduqda;

209.2.12. təxribat və ya terror aktı törədildikdə;

209.2.13. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının keçmiş Prezidentinin və ya onun arvadının (ərinin), Azərbaycan Respublikası Milli Məclisi deputatının, Azərbaycan Respublikası Nazirlər Kabineti üzvünün həyatına sui-qəsd edildikdə;

209.2.14. məhkəməyə hörmətsizlik edildikdə;

209.2.15. hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, vəkilin, ekspertin, habelə təhqiqat və ya ibtidai istintaq orqanının, məhkəmənin icraatında olan cinayət işi üzrə zərər çəkmiş şəxsin və ya şahidin həyatına sui-qəsd edildikdə;

209.2.16. cəza çəkən və ya həbsdə olan şəxs müvafiq olaraq azadlıqdan məhrum etmə yerindən, həbsdən, yaxud mühafizə altından qaçdıqda.

14.12.2023 tarixində Tofiq Yaqublu saxlanıldıqdan sonra evində axtarış olur.

9.   T. Yaqublu barədə götürmə və axtarış protokolunun surətlərini təqsirləndirilən şəxsə və ailə üzvlərindən birinə verilməyib. Maya Yaqublu ifadə verərkən bildirdi ki, həmin pulların üstündə çoxlu ABŞ dolları da var idi, amma onları protokola daxil etmədilər.

10. Maddə 247

247.4. Axtarış və götürmə protokolunun surəti barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzil-istismar təşkilatının nümayəndəsinə verilməyib.

Maddə 442

442.1. Məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.

442.2. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır:

442.2.1. hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara;

442.2.2. cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə.

11.  Hal şahidləri Nəbiyev Murad Və Məmmədov Ülvi dindirilməyiblər.

12.  Elnur Məmmədov da istintaqa verdiyi ifadələrində Tofiq Yaqublunun Elşən Hüseynovdan 60 min manat tələb etdiyini deyib. Cinayət işi materiallarında göstərilir ki, Elşən Hüseynovun verdiyi 25 min avro 200 ədəd 100 avroluq və 100 ədəd 50 avroluq əskinaslardan ibarət olub.

13.  Elşən Hüseynov məhkəmədə ifadə verəndə bildirdi ki, verdiyi pulların içində 100 ədəd də 200 avroluq əskinaslar olub.

14.  Elnur Məmmədov psixiatrik ekspertiza zamanı verdiyi ifadəsində deyib ki, onun Elşəndən alıb Tofiq Yaqubluya verdiyi manatların məbləği 10 min yox, cəmi min manat olub.

15.  Məhkəmədə Elnur Məmmədov bildirdi ki. Yaqublu ilə tanışlığının tarixi 3-4 il olar.

16.   Bu cinayət işində onların Elnur Məmmədovla Q. İbadoğlunun məhkəmələrində 3 dəfə görüşdüyü yazılır. İttiham aktına görə T. Yaqublu Elnurla 03.11.2023  tarixində Bakı Apelliyasiya Məhkəməsi (BAM), 16.11.2023 və 05.12.2023 tarixlərində Nərimanov Rayon Məhkəməsinin (NRM) qarşısında görüşüb.

17.   Elnur ilk dəfə daha əvvəl – 26.10.2023 tarixində Qubad İbadoğlunun NRM-də keçiriləm məhkəmə prosesində T.Yaqubluya yaxınlaşıb, özünü hüquq müdafiəçisi kimi təqdim edib və Facebook dostluğu göndərəcəyini, onu qəbul etməsini xahiş edib. Sonra da Gürcüstanın həbsdə olan keçmiş prezidenti Saakaşvilini birgə müdafiə etməyi təklif edib.

18. 03.11.2023 tarixində BAM-da Q. İbadoğlunun məhkəməsi keçirilərkən yaxınlaşıb və yenə də Saakaşvilinin müdafiəsi üçün birgə fəaliyyət göstərməyi, elə buradanca bir çayxanaya gedib orada müzakirə aparmağı təklif edib. T. Yaqublu  birmənalı şəkildə şübhələnib və yanında dayanmış Hüseyn Məlikə bu adamın hökumətin casusu olduğunu deyib. H. Məlik bu barədə məhkəmə ifadəsində bildirib. Elnur Məmmədov məhkəmədə bildirdi ki, heç vaxt BAM-ın qarşısına gəlməyib və Tofiq Yaqublu ilə orada görüşməyib. Lakin video və foto sübutlarla təsdiqləndi ki, o, həqiqətən də 03.11.2023 tarixində BAM-ın qarşısında olub və onunla görüşüb.

19.  Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi videomaterialda 14.11.2023 tarixində də Q, İbadoğlu NRM-də məhkəmə prosesi keçirildiyi və Elnurun da orada olduğu görünür. Əgər bunlar arasında sövdələşmə olsaydı, T. Yaqublu ora gəlməyəcəyini bildirərdi və ya onu həmin gün getdiyi digər məhkəmə prosesinə dəvət edərdi.

20.  Nərimanov RM-nin qarşısında saat 11:10-da olub, amma artıq saat 11:41-də avtovağzala yaxın bir yerdədir. Cinayət işinə görə onların növbəti görüşü  16.11.2023 tarixində Nərimanov RM qarşısında olub. Amma təqdim edilən video və fotomateriallarda həmin gün onların görüşünü əks etdirən sübut yoxdu.

21.  05.12.2023 tarixli NRM-dakı məhkəmə prosesində hər ikisi olub. Oradakı görüntülərdə də onun Elnurla yan-yana durmağı, danışmağı ilə bağlı heç bir görüntü yoxdur. Elşən isə həmin gün ümumiyyətlə orada olmayıb.

22.  T. Yaqublu 02.11.2023-ci il tarixdə onu Facebook-da dostluğa qəbul edib. Onların Elnurun dediyi kimi dostluğu 3-4 il ola bilməz.

23.  Həmin mətndə qeyd edilib. “Tofiq bəy, salam. Necəsiniz? Sizə həmişə böyük rəğbətim olub, yəqin ki, bilirsiniz. Mən Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə hüquq müdafiə təşkilatının sədriyəm. Təşkilat olaraq hüququ pozulmuş vətəndaşların, siyasi baxışına görə təzyiqlərə, təqiblərə məruz qalan insanların hər zaman yanında, müdafiəsindəyik”.

T.Yaqublunun cavabı: “Salam, Elnur bəy. İşinizdə uğurlar arzulayıram”.

Elnur dərhal daha bir mesaj yazır. Mətn belədir: “Tədbirləriniz, məhkəmə prosesləri olanda desəniz şad olardım və nə gərəkirsə, etməyə hazıram”…

Əgər Yaqublu siyasi məhkəmə prosesləri haqqında nə vaxtsa məlumat vermiş olsaydı, bunu cinayət əməli üçün görüşə dəvət kimi təqdim edəcəkdilər.

24.  Tofiq Yaqublu heç cavab da yazmayıb. Növbəti dəfə Elnur 07.11.2023 tarixində yazıb. Olduğu kimi təqdim edirəm: “ Tofiq bəy, necəsiniz? Biz Saakaşvilinin hüquqlarının müdafiə komitəsi yaratmaq istəyirik. Adam rusiyayönümlü deyil deyə, müdafiəsiz qalıb. Adam bölgəyə demokratiyanı gətirmiş, həqiqi demokratik prezident kimi digərlərinə nümunə göstərmişdi. Ancaq bu gün yalnız və müdafiəsiz qalıbdır. Onu bu ən çətin anında tək buraxmaq rəvadırmı və ədalətlidirmi?

Yaqublunun cavabı: “Salam, bəy. Saakaşvili müdafiə olunmalıdır, amma onu Gürcüstan vətəndaşları təşkil etməlidir”. O dərhal yazır: ”Etmirlər də bəy”. Bundan sonra daha ona cavab yazılmır. O isə dayanmır və yenə də yazır: “Qubad bəyin apellyasiya məhkəməsində çox gözəl çıxış etdiniz, qısa, yerində və tutarlı!”

25.  Bundan sonra Elnur Facebook  Messenger-indən yazmağı dayandırır və bir də 28.11.2023 tarixində Saakaşvilinin müdafiəsi ilə bağlı mətbuat konfransı keçirdiyi haqda linki göndərib.

26.  O, 09.11.2023 tarixində Whatsappda Zəfər Günü bayramı münasibəti ilə təbrik yazıb və bu, yeganə mesajdır. Bundan başqa onun Whatsapp üzərindən nə başqa bir mesajı olub, nə də ki, zəngi.

27.  Elnur özünün istifadəsində olduğu və Yaqublu ilə əlaqə saxladığı 0-70-292-24-02 nömrəsindən ona cəmi 2 dəfə zəng edib. Birinci zəng 29.11.2023 tarixində saat 11:03-də olub. Həmin danışıq 155 saniyə çəkib.  Bundan sonra o, 30.11.2023 tarixində dörd dəfə zəng edib, heç birini də açmayıb, yalnız 5-ci dəfəsində zəngə cavab verib.

28.  “Zərərçəkən” birinci halda şikayət ərizəsidə işsizliyə görə birdəfəlik Almaniyaya getmək istədiyini, amma ifadəsində xəstəliyi ilə əlaqəli getmək istədiyini deyir. Birinci halda 60 min manat verdiyini deyir, ifadəsində 25 min avro və 10 min manatdan danışır.

29.  Elnurun məhkəmədə verdiyi ifadəyə görə onu 14:30 – 15:00 arasında metronun “Xətai” stansiyasının qarşısında tutublar. Nə tez axtarışa verildi?

30.  T. Yaqublunu 14.12.2023 tarixində metronun “Cəfər Cabbarlı” stansiyasına daxil olmaq istəyərkən  5-6 nəfər mülki geyimli, idmançı cüssəli polislər ətrafdakıların gözü qabağında sanki təhlükəli bir terrorçunu tuturlarmış kimi qollarını burub onu həbs edirlər. Çağırış vərəqəsi göndərilmədən. Təkcə bu faktın özü kifayətdir ki, burada əvvəlcədən hazırlanmış ssenarinin olduğu görünsün.

31.  Elnurla Elşən arasında Whatsapp yazışması 05.12.2023 tarixində saat 21:34-dən başlayır və əvvəl hər hansı zəngləşmənin və mesajlaşmanın olması haqda sübut yoxdu.  Cinayət işində olan həmin yazışmaya baxdıqda ilk “qardaş, necəsən?” mesajından əvvəlki Whatsapp-ın texniki xəbərdarlıq mətni göstərir ki, bu iki şəxs ilk dəfə yazışmağa başlayırlar.

32.  Elnurla Elşən arasındakı saxta Whatsapp danışıqlarını əks etdirən şəkilləri təqdim edərkən, T.Yaqublu məhkəməyə ilk mesajdan əvvəl Whatsappın texniki xəbərdarlıq mətninin nə olduğunu izah edib. Bu texniki xəbərdarlıq mətni bu iki şəxs arasında ilk yazışmanın məhz 05.12.2023 tarixində başladığını göstərir.

33.   Elşənin həmin gün orada olmamasının daha bir sübutu odur ki, cinayət işi materiallarında  “Kanal11 Azerbaijan TV” və “TV8” internet televiziyalarının həmin gün  Q.İbadoğlunun məhkəməsindən hazırladıqları reportajların  “Youtube” sosial şəbəkəsindən götürülmüş videolar və şəkillərdir. Həmin materiallarda T. Yaqublu,  Elnur  göründüyü halda, Elşən görünmür.

34.  Cinayət işində Elnur Məmmədovun 3 ifadəsi var. Üzləşmə protokolundakı ifadəsi ilə birlikdə 4 uzun-uzadı ifadəsi var.

35.  T. Yaqublunun anten məlumatları 08.12.2023-cü ildə təxminən saat 14:30-dan ta saat 18-dən keçənədək fasiləsiz olaraq Pirşağı qəsəbəsində olduğunu göstərir. Elnurla həmin gün nə vaxtsa Zabrat qəsəbəsində görüşməsinə yer qalmır. Üstəlik də Elnurla Elşən arasıındakı saxta Whatsapp dialoquna görə T.Yaqublu Elnurla Zabratda saat 16:30-dan tez görüşə bilməzdi. Yəni, həmin gün o saat 14:30-dan 18:30-dək Pirşağı qəsəbəsində Vidadi Mirkamalın bağ evində MŞ-nın KM-nin toplantısında olub. Həm də bu müddətdə nə Whatsapp, nə də ki, adi mobil rabitə ilə heç kəslə danışmadığı da təkzibedilməz sübut və sənədlərlə təqdim edildi. İclasda olduğu müddətdə digər üzvlər kimi T. Yaqublunun  telefonum söndürülüb və iclas otağından ayrı bir otaqda olub. Həmin anten məlumatlarına görə Elnur Zabrat-1 qəsəbəsinə gəlib və bu qəsəbənin bu başından daxil olub, o biri başından çıxması müxtəlif anten göstəricilərinə aid olmaqla cəmi 7 dəqiqə çəkib, sonra da Bakıxanov qəsəbəsinə doğru gedib. Onun “Zabrat-1” anten koordinatında olması cəmi 31 saniyə çəkib. Bu müddət 17:13:38-dən 17:14:01-adək və ondan sonra 17:14:09-adəkdir. 17:17:10-da artıq anten məlumatı “Zabrat qəsəbəsi, şəhər şossesi, 50 saylı binanın damı” kimi göstərilir. 17:18:14-də artıq “Çay evi”, 17:25:11-də isə “Ocaq YDS” Bakıxanov qəsəbəsi” göstərilir. Anten məlumatları üzrə vaxt göstəricilərinə əsasən Elnur qeyd edilən anten ərazilərində ümumuyyətlə, maşınını saxlamayıb, hər ikisində eyni koordinat görünərdi. Bunu AXCP üzvü Kənan Zeynalov da təsdiq etdi.

36.  Əməliyyat tapşırığına əsasən qeydə düşmək üçün Elnur sadəcə olaraq həmin yoldan keçib. Həmin anten məlumatlarına görə həmin vaxt T. Yaqublu deyilən yerdən təxminən 10-15 km aralıda – Pirşağı qəsəbəsində oub. 08.12.2023 tarixində təxminən saat 13:50-də öz avtomobilimlə Qaraçuxur qəsəbəsində yerləşən evindən çıxıb..  Yeri gəlmişkən, Elnur həm üzləşmə, həm də məhkəmə istintaqı zamanı 08.12.2023 tarixində guya, Yaqubluya pul verərkən maşınında bir nəfər kişinin olduğunu təsdiqləmişdi. 18.10.2024 tarixli məhkəmə iclası zamanı şahid Kənan Zeynalov ifadə verərkən, dövlət ittihamçısı Elnurdan həmin gün Yaqublunun maşınında başqa bir kəsin olub-olmadığını soruşduqda, o, qətiyyətlə bildirdi ki, yanında heç kəs olmayıb və Yaqublu tək olub. Kənan Zeynalov. 08.12.2023 tarixində anten dairələri onların  Milli Şuranın KM-nin Pirşağı qəsəbəsində keçirilən toplantısına gedib-qayıtdıqları vaxt ərzində hər ikisinin  dislokasiya göstəriciləri tam üst-üstə düşür.

38.  İttiham aktındakı mobil rabitə operatorunun Elnura məxsus 0-55-243-52-02 lokasiya cədvəlinin 573/516 səhifəsinə görə Elnur 15:51-də Mehdiabad qəsəbəsi, 28 May küçəsində olub. Saat 16:44-də isə Goradil qəsəbəsi Fatmayi bağları lokasiyasında olub. Elnurun mobil telefonunun anten məlumatlarına baxanda görüb ki, onun məkan göstəriciləri ilə özünün Whatsapp dialoqunda təsvir elədiyi yerlərlə uyğun gəlmir. Ona görə də peşəkar bir saxtakar kimi davranaraq ittiham aktında Elnurun saat 15:21-də Mirəli Qaşqay küçəsi 43 ünvanında olduğu məlumatdan sonra aradakı məlumatları buraxır və növbəti məkanı “saat 17:13 Zabrat-1 qəsəbəsi” kimi göstərir. “Saat 15:51-də Mehdiabad qəsəbəsi” və “saat !6:44 Goradil, Fatmayi bağları” məlumatlarını isə göstərmir. 

39.  Həmin cədvəl deyir ki, nə 08.12.2023  Elnur Xırdalan şəhərinə olmayıb, yalnız 09.10.2023 18:35:34-də  Saray 2, Abşeron rayonu, Saray qəsəbəsində olub. Guya ki, 08.12.2023 tarixində məndən aldığı 3 min manatı aparıb bu şəhərdəki “ofis”ində gizlədə bilməzdi.

40.   Tofiq Yaqublunun 08.12.2023 tarixindəki Whatsapp danışıqlarını incələyək. Həmin günkü danışıqların siyahısı: 1. Nigar Həzi; 2. Nemət Kərimli; 3. Kənan Basqal; 4. Nemət Kərimli; 5. Rafiq İsmayıl; 6. Rəhim Yaqublu; 7. İlham Hüseynli; 8. İlham Hüseynli. Gün ərzində 6 adamla 8 dəfə danışığı olub. Bu adamların arasında Elnur Məmmədov yoxdur.  Halbuki Abdulla deyir ki, guya o, görüş yerini müəyyyənləşdirmək üçün dekabrın 8-də metronun  “Koroğlu” stansiyasının ərazisindən mənə zəng edib. İndi də sənədlə təqdim etdiyimiz zənglərin vaxtına diqqət edək. İlk 3 zəng günün birinci yarısında olub. Günün birinci yarısındakı 3 zəngdən sonuncu zəng 13:34-də Kənan Basqalla (Zeynalov) olub. Kənan da, Tofiq Yaqublu da ifadələrində deyib ki, 08.12.2023 tarixində MŞ-nın KM-nin növbədənkənar toplantısına getmək üçün təxminən 13:50-də bizim evin yanında görüşüb yola çıxıblar.

41. Günün birinci yarısındakı 3 zəngdən sonuncu zəng 13:34-də Kənan Basqalla (Zeynalov) olub.. Bu zəngdən sonra həmin gün növbəti Whatsapp danışığım 18:07-də Nemət Kərimli ilə olub.

42.  Guya ki, Zabrat qəsəbəsindən üzü şəhərə tərəf gedəndə Balaxanıya dönən yolun yaxınlığında bir yerdə görüş olub. Bundan təxminən 5 ay sonra 08.05.2024 tarixində dindirilərkən, Elnur yenə də Tofiq Yaqublu ilə Kürdəxanıya gedən yolda görüşdüyünü deyir. Bunun səbəbi çox sadədir. Mobil operatorun anten məlumatlarına sonradan əldə etdiyi üçün oradakı məlumatlarla çox gec tanış olub. Buna qədərsə Elnura bütün ifadələrində guya T.Yaqublu ilə Zabratda, üzü Kürdəxanıya gedən yolun sağında görüşdüyünü dedirtmişdi. Anten məlumatlarına baxanda görüb ki, oradakı heç bir yeri “görüş” yeri kimi qələmə vermək mümkün olmur. Ona elə gəlib ki, uyğun gəlməsə də, Zabratdan üzü şəhərə doğru gedəndə Balaxanıya dönən yolun həndəvərini görüş yeri kimi göstərmək olar. Bundan sonra Elnura müvafiq göstəriş verilir və o, məhkəmədə ilkin istintaqda verdiyi ifadələri danaraq, guya T.Yaqublu ilə orada görüşdüyünü dedi.

43.  Elşən təsdiq edir  ki, o, pulunun ələ keçirilməsindən  təxminən 6 ay əvvəl Elnurla Facebook üzərindən tanış olub. Burada bir daha qeyd edim ki, Elnur Məmmədova aid “Elnur Vaqifoğlu” və “Elnur Azərsoy” Facebook profillərinin heç birinin Elşən Hüseynovla dostluğu olmayıb.

44.  Mobil rabitə operatorundan alınmış Elnura məxsus 0-55-243-52-02 nömrəli telefonun zənglər və anten məlumatları var. Həmin sənədin 588/519 səhifəsində 08.12.2023 tarixində Elnurun saat 15:51-də Mehdiabad qəsəbəsində, saat 16:44-də isə Fatmai qəsəbəsində olduğu göstərilir. İttiham aktına görə Whatsapp dialoquna görə Elşənlə Elnur həmin gün saat 16-da “Gold Gənclik” marketinin qarşısında görüşüblər.

45.   Cinayət işinin materiallarından da görünür ki, Maya Yaqublunun telefonu da protokollaşdırılaraq götürülüb. Niyə? Onun istintaq üçün nə əhəmiyyəti var idi? Müstəntiq qorxurdu ki, telefonu onun əlindən alınanadək Maya xanım nələrisə artıq çəkmiş ola bilərdi…

B. Hüquq müddəalarına dair

46.   Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

Maddə 9. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərinin təyinatı

9.1. Bu Məcəllənin 10—36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri:

9.1.1. cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir;

9.1.2. insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir;

9.1.3. hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir.

9.2. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.

Maddə 28. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi

28.4. Cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

28.4.1. cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək;

Maddə 33. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi

33.1. Hakimlər  cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər

33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir.

33.3. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33.4. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.

Maddə 145. Sübutların qiymətləndirilməsi

145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.[217]

145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

C. Hüquqa dair;

47.  CPM-nin 39-cu maddəsində cinayət təqibini istisna edən hal kimi cinayət hadisəsinin olmaması nəzərdə tutulmuşdur. Cinayət hadisəsi olmadığında cinayət məsuliyyəti də yarana bilməz.

48.   Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1-ci cümləsi belə başlayır: Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir.

49.  CPM-nin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

50. Sübutların mötəbərliyi dedikdə, müəyyən edilmiş halların uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyini aydınlaşdırılması başa düşülür.

51. Həmin Məcələnin 21.2-ci maddəsinə və 145.3-cü maddəsinə əsasən bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr  təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalıdır. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

52.  AR   CPM-nin 39-cu maddəsində əsasən cinayət təqibini istisna edən hal kimi cinayət tərkibinin əlamətlərinin olmaması halında cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

Ç. Tələblərin hüquqi əsasları;

53. Həmin Məcələnin 350-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.

X A H İ Ş     E D İ R Ə M:

AR CPM-nin  39, 350-ci maddələrinə əsasən Tofiq Rəşid oğlu Yaqublu barəsində bəraət hökmü çıxarasınız.

Müdafiəçi:  N. A. Kərimli”

Fevralın 26-da keçirilən prosesdə vəkil Aqil Layıcın etdiyi çıxışı oxuculara təqdim edəcəyik.

İclasda daha sonra Tofiq Yaqublu son sözə hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi martın 5-də davam edəcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

İttihama görə, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək özgəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib.
Tofiq Yaqublu zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Araçılıq edən Elnur Məmmədov deyilənləri zərərçəkmişə çatdırıb. Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib.

Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.

İttihama münasibət bildirən Tofiq Yaqublu özünü təqsirli bilməyib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.