Prokuror Müsavat fəalını qətlə yetirən direktor müavininə 20 il həbs cəzası istədi
Martın 5-də Müsavat Partiyasının fəalı Natiq Mehdini (Ulubəy) qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Daha sonra dövlət ittihamçısı çıxış edib. O, Elsevər İslamovun ittiham olunduğu üç maddə üzrə təqsirli bilinməsi və onun ümumilikdə 20 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını istəyib.
Vəkil Nemət Kərimli məhkəmədən Elsevər İslamovun xüsusi amansızlıqla qətl törətməsi və meyiti təhqir edən hərəkətlərinə görə, onun ömürlük azadlıqdan məhrum olunması barədə hökm çıxarılmasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Proses martın 13-ü saat 10:30-da davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.
O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.
Onun qətlin üstü açılandan bir neçə gün əvvəl maşını ilə itkin düşdüyü bildirilib.
Qətllə bağlı 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan Elsevər İslamova Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) və 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.