“Tofiq Yaqublu son sözündə rejimi ifşa edir”
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Müsavat Partiyası və Milli Şuranın üzvü, siyasi məhbus Tofiq Yaqubluya qarşı ittiham üzrə məhkəmə prosesi davam edib.
Məhkəmə prosesində Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli də daxil olmaqla, bir sıra istimai,-siyasi fəallar, jurnalistlər və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Məhkəmə prosesindən sonra jurnalistlərə açıqlama verən Əli Kərimli Tofiq Yaqublunun ətraflı son söz ilə çıxış etdiyini bildirib.
“Bu gün Tofiq bəyə hökm oxunmadı. Çünki Tofiq bəy çox ətraflı və sanballı son söz hazırlayıb. Bu gün onun son sözü 2 saat yarımdan artıq çəkdi. Ancaq yarımçıq qaldı. Məhkəmə 12 mart saat 10:30-a təxirə salındı. Tofiq bəy söylədiyi son sözlə rejimi və onun məhkəmə aparatını tam ifşa edir. Azadlıq Tofiq Yaqublunun haqqıdır” – deyə, Əli Kərimli vurğulayıb.
Tofiq Yaqublu 2023-cü ilin dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.
Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.
Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.