Tofiq Yaqubluya 9 il həbs cəzası verildi
Şərlənərək həbs edilən Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun məhkəmə martın 10-da yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib.
“Ağır Cinayətlər Məhkəməsinin Tofiq Yaqublu haqqında (9 il)cəza hökmü çıxarmasının özü ağır cinayətdir”.
Bunu Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
“Tofiq Yaqublu, vəkilləri Nemət Kərimli və Aqil Lahıc məhkəmə istintaqı dövründə onun haqqında bəraət qərarının çıxarılması üçün yetərli olandan bəlkə də 10 dəfə artıq sübutlar ortaya qoysalar da hakimlər gözlənildiyi kimi aldıqları göstərişə uyğun qərar çıxartdılar.
Bu əndazəni aşmış hüquqi nihilizmə, repressiya siyasətinə son qoyulmalı, Tofiq Yaqublu və bütün siyasi məhbuslar azad edilməlidir” – deyə, Arif Hacılı vurğulayıb.
Tofiq Yaqublu və Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər. Elnur Məmmədova 8 il həbs cəzası verilib.