Tramp “Amerikanın səsi”ni susdurdu

ABŞ prezidenti Donald Tramp “Amerikanın Səsi” və “Azadlıq Radiosunun” daxil olduğu hökumət təşkilatı olan ABŞ Qlobal Media Agentliyinin (USAGM) ləğv edilməsi barədə göstəriş verib. “Reuters” şirkətin direktoru Maykl Abramovitsə istinadən xəbər verir ki, “Amerikanın Səsi” radiosunun 1300-dən çox əməkdaşı Trampın qərarından sonra məzuniyyətə göndərilib.

AP xəbər verir ki, martın 14-də ABŞ Konqresi hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini qəbul edib, bundan sonra Tramp öz administrasiyasına bir neçə agentliyin funksiyalarını qanunla tələb olunan minimuma endirməyi tapşırıb. Onların arasında Amerikanın Səsi radiosunu idarə edən USAGM, Şərqi Avropa ölkələrinə yayımlanan Azad Avropa/Azadlıq Radiosu, həmçinin Kubada ispan dilində xəbərlər yayımlayan Azad Asiya və Radio Marti radioları da var idi. Nəticədə agentlik öz media orqanlarına qrantların verilməsini dayandırıb, Reuters yazır.

Trampın qərarından bir gün sonra, martın 15-də 1300-dən çox insan – demək olar ki, bütün Amerikanın Səsi işçiləri məzuniyyətə buraxılıb.

Müsavat Məclisinin sədri Arif Hacılı bu hadisəni “Tramp admnistrasiyasından avtoritar rejimlərə hədiyyə” adlandırıb.

“Tramp “Amerikanın səsi”, “Azadlıq”radiostansiyalarının və “Nastoyaşaya vremya” kanalının bağlanması barədə qərar qəbul edib. Buna sovet hakimiyyəti də, Putin rejimi də nail ola bilməmişdi.
Bu plan baş tutarsa yalnız Putin üçün yox, dünya üzrə söz və ifadə azadlığını boğmağa çalışan bütün avtoritar rejimlər üçün böyük hədiyyə olacaq” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

Xatırladaq ki, 1990-cı ildə sovet imperiyası Bakıda dinc sakinlərin kütləvi qırğınını törədərkən bunu ilk ictimailəşdirən “Azadlıq” və “Amerikanın səsi” eadiostansiyaları olub.