Əkrəm İmamoğlunun həbsi Türkiyədə kütləvi etirazlara səbəb oldu
Çərşənbə günü, martın 19-da Türkiyə hakimiyyəti müxalif İstanbul meri Əkrəm İmamoğlunu korrupsiya və terror təşkilatına yardım etməkdə şübhəli bilinərək saxlayıb. Əkrəm İmamoğlu növbəti prezident seçkilərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi sayılırdı. İmamoğlu ilə birlikdə yüzdən artıq müxalifətçi saxlanılıb.
Türkiyə mediası xəbər verir ki, bələdiyyə sədrinin həyat yoldaşı Dilek İmamoğlu Now TV-yə bildirib ki, polis səhər açılmamış onların evinə gəlib. Bələdiyyə sədri səhər saat 7:30 radələrində saxlanılıb, evində axtarış aparılıb.
“Reuters”in İstanbul prokurorluğuna istinadən verdiyi xəbərə görə, İmamoğlu barəsində iki araşdırma aparılır. Xüsusilə, o, cinayətkar təşkilata rəhbərlik etməkdə, rüşvətxorluqda və tenderlərdə saxtakarlıqda ittiham olunur.
Birinci halda siyasətçi ilə yanaşı jurnalistlər və iş adamları da daxil olmaqla ümumilikdə yüz nəfər iştirak edir. Onlar bələdiyyənin elan etdiyi bəzi tenderlərlə bağlı cinayət əməllərində şübhəli bilinirlər.
Bundan əlavə, agentlik yazır ki, İmamoğlu və daha 6 nəfər Kürdüstan Fəhlə Partiyasına (PKK) yardım etməkdə şübhəli bilinir. PKK Türkiyə, ABŞ və Avropa İttifaqında terror təşkilatı kimi tanınır.
Əkrəm İmamoğlu X sosial şəbəkəsində fundamental hüquq və azadlıqlar uğrunda mübarizəni davam etdirmək niyyətində olduğunu yazıb.
“Xalqın iradəsini hədə-qorxu ilə və ya qanunsuz hərəkətlərlə boğmaq olmaz. Mən özümü təkcə 16 milyon İstanbul əhalisinə deyil, həm də Türkiyənin 86 milyon vətəndaşına, eləcə də dünyada demokratiya və ədaləti dəstəkləyən hər kəsə güvənirəm”.
Əkrəm İmamoğlu Türkiyədə 2028-ci ildə keçiriləcək prezident seçkilərində müxalifətin əsas namizədi və bu seçkilərdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi hesab olunurdu. Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) martın 23-ü bazar günü keçiriləcək praymerizdə onu prezidentliyə namizəd kimi seçəcəyi gözlənilirdi.
Əkrəm İmamoğlunun həbsi Türkiyədə o cümlədən gənclər arasında kütləvi etirazlara səbəb olub.
Basta