İsa Qəmbər: Tofiq Yaqublu ilə bağlı təklifimizə hakimiyyətdən cavab gözləyirik

Aprelin 7-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

İclasda əsassız olaraq həbs edilmiş Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyası barədə məlumat verilib. Qeyd edilib ki, səhhətində ciddi problemlər olan Tofiq Yaqublunun ölüm aclığına başlaması xüsusi narahatlıq doğurur. Divanda təklif olunub ki, Tofiq Yaqublu və həbsdə olan digər ictimai-siyasi fəallarla bağlı hakimiyyətlə müzakirə aparılsın.

Müsavat Partiyası bu təkliflə bağlı hakimiyyətdən cavab gözləyir.

Qeyd edilib ki, ictimaiyyət və Tofiq Yaqublunun hüquqlarının müdafiəçiləri, onun həyatının xilas edilməsi üçün bütün mümkün imkanlardan istifadə etməlidirlər.

Müsavat başqanı İsa Qəmbər LAF TV-nin efirində jurnalist Ləman Əliəşrəfqızının bu və digər suallarını cavablandırıb.