Tofiq Yaqublu jurnalistlərin məhkəməyə buraxılmasını tələb edib
Müsaavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu məhkəmə prosesindən birbaşa yayım, həmçinin media nümayəndələrinin məhkəməyə buraxılmasını tələb edib.
“Bu proses canlı yayımlanmalıdır və bütün media nümayəndələrinə prosesdə iştirak etməyə imkan yaradılmalıdır. Necə ki, Ramiz Mehdiyevin kürəkəninin və onun qudasının məhkəmə prosesində mediaya imkan verilmişdi”, – T.Yaqublu avqustun 25-də Nizami Rayon Məhkəməsində məhkəmə iclasında deyib.
Lakin hakim Nəriman Mehdiyev ölkədə koronavirus pandemiyasını səbəb gətirərək növbəti dəfə jurnalistləri və fəalları məhkəmə prosesinə buraxmaqdan imtina edib.
Bundan sonra Tofiq Yaqublu hakimə müraciət edərək “Ramiz Mehdiyevin qohumusunuz, nə əcəb toya çağırmayıblar sizi?” deyəndən sonra hakim məhkəmə prosesində qısa fasilə elan edib.
Məhkəmə prosesi zamanı T.Yaqublunun vəkilləri öz müvəkkili ilə konfidensial söhbət etmək üçün hakimdən 5 dəqiqə vaxt istəyiblər. Hakim Nəriman Mehdiyev buna icazə versə də prosesdə iştirak edən konvoy konfidensial söhbət zamanı vəkilləri və T.Yaqublunu tək buraxmayıblar.
Fasilədən sonra proses şahidlərin dindirilməsi ilə davam etməli olsa da
şahid şəxsiyyət vəsiqəsini gətirmədiyinə görə hakim həmin şahidi avqustun 26-da məhkəməyə gəlməsinin vaciibliyini bildirib.
Digər şahid isə məhkəməyə teleqram göndərib ki, prosesə qatıla bilməyəcək.
“Mən artıq iki dəfə məhkəməyə gəlmişəm, amma vəkillərin şıltaqlığı üzündən ifadə verə bilmədim. Ona görə də bu dəfə məhkəməyə gələ bilmərəm və istintaqa verdiyim ifadələrimi təsdiqləyirəm”.
Günün ikinci yarısında proses 15 yaşlı yeniyetmənin ifadələri ilə davam edib. Şahid bütün suallara “bilmirəm, yadımda deyil” cavab verdiyinə görə müdadiə tərəfi onun dərk etmə və təsvir etmə qabiliyyətinin olmadığından şübhələnərək şahidin dərk etmə qabiliyyətini müəyyən edilməsi ilə bağlı vəsatət verib. Vəsatət məhkəmə tərəfindən təmin edilməyib.
Daha sonra məhkəməyə Novruzov Novruz adlı şahid ifadə verib. Həmin şahid zərərçəkmiş tərəfindən məhkəməyə dəvət olunub. Lakin şahidlər siyahısında Novruz Novruzov adlı şəxsin adı yox, Cavanşir Novruzovun şahid qismində adı keçdiyinə görə vəkillər etiraz ediblər. Onlar bildiriblər ki, Cavanşir Novruzovun yerinə başqa adam ifadə verməyə gəlib və Cavanşir Novruzovun şəxsiyyətini müəyyənləşdirməsi ilə bağlı vəsatət veriblər. Lakin hakim bunu mexaniki səhv adlandıraraq vəsatəti rədd edib.
Növbəti məhkəmə prosesi avqustun 26-a təyin olunub.
- Martın 22-də vətəndaş Elxan Cəbrayılovun idarə etdiyi avtomobil Tofiq Yaqublunun park edilmiş və özünün də içərisində olduğu avtomobilini vurub. Bundan sonra E.Cəbrayılov T.Yaqublu ilə münaqişə edərək onu qəzada ittiham edib.
Nizami rayon polisi CM-in 221.3-cü maddəsi (silah kimi əşyalardan istifadə etməklə xuliqanlıq) ilə cinayət işi qaldırıb.
T.Yaqublu və onun həmkarları baş verənləri təxribat adlandırıblar. Məqsəd sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə müxalifətçini mühakimə etməkdir. Beynəlxalq hüquq-müdafiə təşkilatları T.Yaqublunun həbsini pisləyiblər.