Tofiq Yaqublu aclığı dayandırdı
Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu mayın 10-da aclığı dayandırıb. Bu haqda onun qızı Nigar Həzi məlumat yayıb.
“İndicə ölüm ayağında olan atamla görüşdüm. Onu elə vəziyyətdə gördüm ki, qanım dondu. Ona yalvardım ki, aclığı dayandırsın. Çünki bu tək onun ölümü yox, həm də mənim və körpəmin ölümü demək idi. O ruhən elə vəziyyətdə idi ki, körpəmin həyatının təhlükə altında olduğunu belə deyə bilmədim. Sadəcə mənə, anama, qardaşıma və doğmalarımıza görə bu aclığı dayandırmasını istədim. O da bununla razılaşdı və aclığı dayandırdı.
Həkim Adil Qeybulla indi Tofiq Yaqublunun yanındadır” – deyə, Nigar Həzi özünün feysbuk səhifəsində yazıb.
Tofiq Yaqublu qanunsuz həbsinə etiraz olaraq artıq 40 gün idi aclıq edirdi. Mayın 8-də Müsavat Partiyası və Milli Şuranın rəhbərliyi də daxil olmaqla bir sıra müxalifət nümayəndəsi və ictimai fəal Tofiq Yaqublunu aclıq aksiyasını dayandırmağa çağırmışdı.