Şəhid ailələri və qazilər İlham Əliyevə müraciət etdi – Şuşadakı şəhidlər məzarlığı abadlaşdırılsın
Şuşa rayonundan olan bir qrup şəhid ailələrinin üzvləri və qazilər ölkə başçısı İlham Əliyevə və müvafiq dövlət qurumlarına müraciət ediblər.
“Basta”nın redaksiyasına da təqdim olunan müraciətdə deyilir:
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
Surətləri: Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Polad Bülbüloğluna, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi cənab Aydın Kərimova.
Şuşa rayonundan olan Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərinin
m ü r a c i ə t i
Cənab Prezident,
Cənab Baş Nazir,
Cənab Millət vəkili,
Cənab Nümayəndə,
uzun illər düşmən işğalı altında olan vətən torpaqlarımızın, o cümlədən mədəniyyət mərkəzimiz olan Şuşa qalasının azad olunması xalqımızın bir kəsimi olaraq Şuşa əhalisini də təbii ki, olduqca fərəhləndirmiş və bizlərə böyük və əvəzolunmaz qürur hissi yaşatmışdır. Xalqımızın keçməkeşli tarixinə qızıl hərflərlə yazılacaq bu sevincli anları xalqımıza yaşadanları, əlbəttə ki, xalqımız heç vaxt unutmayacaq və əbədiyyən layiqincə dəyərləndirəcəkdir. Azad olunmuş vətən torpaqlarımızda aparılan bərpa və quruculuq işləri də olduqca təqdirəlayiqdir. Ancaq indi şəhərimizdə görülməkdə olan bərpa və quruculuq işlərinin hazırkı gedişatına münasibətdə bəzi gözləntilərimizin hələ də özünü doğrultmadığının şahidi olmaqdayıq ki, bununla əlaqədar əvvəlki müraciətlərimizdə öz təklif və fikirlərimizi ifadə etmişik.
Verdiyimiz təkliflər sırasında bizi ən çox qayğılandıran Şuşa şəhərində yerləşən şəhidlər məzarlığının abadlaşdırılması məsələsidir.
Şuşanın azad olunmasından artıq 5 ilə yaxın vaxt ötür. Lakin ötən bu müddət ərazində böyük maddi vəsaitlər hesabına müasir standartlara uyğun mehmanxana, ictimai iaşə obyektləri və qismən də olsa yaşayış kompleksləri inşa edilməkdə olsa da və bəzi tarixi abidələrimiz bərpa edilsə də, təəssüflər olsun ki, sərf edilən həmin vəsaitlərlə ölçüyə gəlməyəcək dərəcədə olduqca azacıq vəsait sərfiyyatı tələb edən daha önəmli işə – şəhidlər məzarlığında abadlaşdırma işlərinə başlanılmamışdır.
Hətta məzarlıqda çoxsaylı müraciət və tələblərimizə rəğmən daşdan kiçicik bir xatirə lövhəsi qoyulsa da məzarlıq bütövlükdə tam əhatəyə alınmamış və oraya hər hansı bir nişanlama da qoyulmamışdır. Bu səbəbdən də sahibsiz heyvanlar və əraziyə nabələd olan adamlar məzarların üzərində gəzişir və natəmizlik yaradırlar. Qeyd olunanlarla əlaqədar səlahiyyətli orqanlara etdiyimiz çoxsaylı müraciətlərin də hələ ki istənilən nəticəsi olmamışdır. Tarixi faktlar bunu deməyimizə əsas verir ki, hamımızın baş tacı və qürur yeri sandığımız şəhidlərimiz məzarlıqla yanaşı ərazidə abidəsi möhtəşəm şəkildə bərpa edilən Molla Pənah Vaqifdən heç də əskik şəxsiyyət deyildirlər. Bizə bildirilmişdir ki, şəhərin girişində zəfər kompleksi ucaldılacaqdır və şəhidlərimizlə bağlı abidə və məlumat göstəriciləri də orada yer alacaqdır. Doğrusu bu layihəni biz də təqdir edirik. Ancaq bizi qeyri-səhih də olsa belə bir məlumat narahat etməkdədir ki, şəhidlər məzarlığının yerinin dəyişdirilməsi məsələsi gündəmdədir. Doğrusu biz buna inanmamışıq və indi də inana bilmirik. İnandığımız odur ki, sayənizdə dövlətimiz və hökumətimiz də buna getməz. Ancaq etiraf etməyə məcburuq ki, şəhidlər məzarlığının Şuşanın yenidən inşası üçün hazırlanmış baş planda yer almaması və məzarlığın ötən müddət ərzində hələ də abadlaşdırılmaması narahatçılığımızı daha da artırır. Hesab edirik ki, Şuşanın müdafiəsi və işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizə böyük ehtiram əlaməti olaraq ilk əvvəl Cıdır düzü ərazisində yerləşən şəhidlər məzarlığının abadlaşdırılması və orada Şəhidlər Xiyabanının salınması, o cümlədən xiyabanın girişində Şuşanın müdafiəsi və işğaldan azad olunması uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının şəninə xatirə abidəsinin və guşəsinin yaradılması vacib idi. Əvvəlki müraciətlərimizdə də qeyd etdiyimiz kimi, biz şuşalılar şəhidlər məzarlığında aparılacaq abadlıq işlərinə öz maddi imkanlarımız və işçi qüvvəmiz hesabına dəstək olmaqla bu arzumuzu gerçəkləşdirmək istəyirik. Bunun üçün də şəhidlərimizin mərmər lövhə üzərində barelyeflərini hazırlatmışıq. Hələ illər öncə bizim etmiş olduğumuz müraciətlərin müqabilində bizə 1-2 aya şəhidlər məzarlığında işlərə başlanılacağı bildirilsə də verilən bu cavablardan xeyli müddət ötür, ancaq nə iş başlanılır və nə də ki bizi orada abadlaşdırma işləri aparmağımız üçün şəhidlər məzarlığına buraxırlar. Biz vaxtilə həmin şəhidlər məzarlığını şəhidlərimizə böyük ehtiram əlaməti olaraq şəhərimizin ən füsunkar və görkəmli yerlərindən birində, Cıdır düzünün ətəyində salmışıq və Şuşa şəhəri işğal olunana qədər şəhidlərimizin əksəriyyətini orada dəfn etmişik. Biz həmin məzarlığı xiyabana çevirməklə oranı nəinki birinci Qarabağ müharibəsi iştirakçılarının, ümumilikdə torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda canını fəda etmiş bütün şəhidlərimizin Anım yerinə, Müqəddəs məkanına çevirmək istəyirik. Şuşa şəhəri füsunkar məkan olduğuna görə təbii ki, çoxlarımız istirahət və ya iş qurmaq məqsədi ilə oranın ən əlverişli yerlərindən istifadə etmək istəyindəyik, ancaq müqəddəs sayıla biləcək dini və mənəvi dəyərlərimizlə ölçüldükdə, əlbəttə ki, şəhərimizin ən füsunkar yerlərindən birində hüznlə uyumaq hamıdan çox şəhidlərimizin halal haqqıdır və bizlərin də onların bu haqqına ehtiram və sayğı göstərmək vicdan və şərəf borcumuzdur. Ona görə də şəhidlər məzarlığının ərazisindən qeyri-məqsədlər üçün istifadə olunmasını yolverilməz sayırıq. Bu əraziyə də göz dikənlərə artıq bəsdir, yetər deyirik. Unutmamalıyıq ki, kimiləri mal-mülk, vəzifə uğrunda çarpışdıqları və bu yöndə qazandıqlarını itirməkdən qorxduqları halda, şəhidlərimiz onlar üçün və onların üzərində şad, xürrəm yaşadıqları vətən torpağı üçün döyüşmüş və canlarını verməkdən çəkunməmişlər. Unutmayaq ki, bu gün şəhidlərimizin uyuduğu torpağa qanları, əzaları hopmuşdur, torpağına qovuşduqları məzarları onların can evidir. Bizlərin yaşadığı evlər dağıdıla, sökülüb yenidən tikilə bilər, şəhid evləri isə toxunulmazdır. Biz şəhid ailələri və qazilər sizdən nə ev, nə iş, nə maddi təminat və nə də ki vəzifə istəyirik, kiçicik ərazisi ilə Müqəddəs Məkanımız sandığımız şəhidlər məzarlığımız bizə yetər. Ora da bizimdir…
Sizdən yeganə istəyimiz şəhidlər məzarlığımızı hökumətimizlə razılaşdırılmış layihə əsasında xiyabana çevirməyinizə qoyulmuş məhdudiyyətin aradan götürülməsidir.
Müraciəti “Basta”ya Şuşa sakini, Qarabağ qazisi, vəkil Yavər Hüseyn təqdim edib.