Əli Kərimlinin sürücüsünə cinayət işi açıldı

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə sürücülük edən və aprelin əvvəlində inzibati qaydada həbs olunan Zaur Rzalı ilə bağlı cinayət işinin açıldığı bildirilir.

O, Cinayət Məcəlləsinin 228.5 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə,…) maddəsi ilə ittiham olunur. Bu barədə AXCP-dən məlumat verilib.

Partiyadan vurğulandığına görə, bununla bağlı onun özünə mayın 29-da dəvət olunduğu Nərimanov rayon Polis İdarəsində məlumat veriblər.

“Cinayət işinin başlanmasına formal səbəb Z.Rzalının avtomobilindən məişətdə istifadə etdiyi meyvə bıçağının tapılmasıdır”, – AXCP-dən vurğulanıb.

Z.Rzalı aprelin 1-də Nərimanov rayon Məhkəməsində 30 sutka həbs edilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirli sayılıb. Partiyadan onun şərləndiyi açıqlamışdı.

AXCP-nin məlumatına görə, Z.Rzalı onlara bildirib ki, həmin vaxt onu saxlayanda maşınında axtarış aparıblar, meyvə bıçağını götürüblər: “Deməsinə görə, 17-ci polis bölməsində maşınında axtarış aparılanda “bardaçok”dakı bıçağı götürüblər, nə üçün olduğunu soruşublar. O, da Sədərək Ticarət Mərkəzindən 10 il bundan qabaq aldığını, sırf məişətdə istifadə üçün olduğunu deyib. Bildirib ki, meyvəçidir, tez-tez rayonlarda olur və bıçaq onun üçün vacib əşyadır”.

AXCP hesab edir ki, hadisənin üstündən iki aya yaxın vaxt keçəndən sonra bıçağın yenidən yada düşməsi cinayət işinin siyasi sifarişlə açıldığını deməyə əsas verir.

Z.Rzalı sərbəst buraxılsa da, ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

AXCP sədri Əli Kərimli isə bir müddət öncə vurğulamışdı ki, son iki ayda ona ictimai əsaslarla sürücülük və mühafizəçilik edən səkkiz şəxs əsassız yerə həbs edilib.

Hələlik, bütün bu açıqlamalara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu