Rusiyaya qarşı “dağıdıcı” sanksiyalar hazırlayan ABŞ senatorları Ukraynada
Ukrayna prezident Volodimir Zelenski Rusiya Federasiyasına qarşı genişmiqyaslı sanksiyalar haqqında qanun layihəsinin həmmüəllifləri olan amerikalı senatorlar Lindsi Qrem və Riçard Blumentalı öz ofisində qəbul edib.
Bu haqda Zelenski özünün X hesabında məlumat yayıb.
“Ukrainska Pravda” xəbər verir ki, Respublikaçı və Demokratik partiyalardan olan senatorlar Kiyevə qeyri-rəsmi səfərlə gəlib və Zelenski ilə görüşüb.
“Mən bu təşəbbüsə – ikipartiyalı sanksiya haqqında qanun layihəsinə görə minnətdaram, onu artıq 82 senator dəstəkləyib. Biz bu və Rusiyanı sülhə məcbur etmək üçün istifadə edə biləcəyimiz digər rıçaqları müzakirə etdik” – deyə, prezident sadalayıb.
Zelenski senatorlara “güclü ikitərəfli dəstəyə” görə təşəkkür edib və “danışıqların bütün mərhələlərində Amerikanın real iştirakına” ümid etdiyini bildirib.
Lindsey Graham və Richard Blumenthal Kiyevdə bəyanatla çıxış ediblər.
Bəyanatda bildirilir ki, qanun layihəsi gələn həftə müzakirəyə təqdim edilə bilər. Artıq 82 senator layihəni dəstəkləyir və onlar Trampın mövqeyindən asılı olmayaraq hərəkət etmək niyyətindədirlər.
Senatorlar Ukraynaya silah satışını dəstəkləyiblər.
“İndi bizim Ukrayna ilə işgüzar münasibətimiz var. Gözləyirəm ki, bu münasibətlər hərbi sahəyə toxunacaq və Amerika hərbi-sənaye kompleksi Ukraynaya silah satacaq: başqa ölkələr bizdən onları alıb Ukraynaya göndərə bilər” – deyə, Qrem vurğulayıb.
Qrem və Blumental sonuncu dəfə 2024-cü ilin avqustunda Ukrayna Silahlı Qüvvələrinin Kursk hücumu zamanı Kiyevdə olublar. Bu, onların Tramp dövründə Ukraynaya ilk səfəridir.
Xatırladaq ki, senatorlar Riçard Blumental və Lindsi Qrem 80 həmmüəlliflə birlikdə atəşkəsdən imtina etdiyinə görə Rusiyaya qarşı əlavə iqtisadi sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim ediblər.
Senatorlar mütəmadi olaraq Rusiyanı “dağıdıcı” adlandırdıqları sanksiyalarla təhdid edirlər. Qanun layihəsi Rusiya neftini alan ölkələrdən idxal olunan mallara 500% rüsumun tətbiqini nəzərdə tutur.