Niyə İranın nüvə silahı olmamalıdır?

Mustafa Hacıbəyli

Əgər İsrailin İrana hücumunun məqsədi bu ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaqdırsa, bu, bizim dövlət maraqlarımıza tam uygundur. İranın nüvə silahı əldə etməsi Azərbaycanın və qardaş Türkiyənin maraqlarına qətiyyən xidmət etmir. Əksinə, bu, regionda güvvələr nisbətinin pozulmasına və təhlükəli ssenarilərə səbəb ola bilər…

İlk baxışdan ədalətsizlik kimi görünür – niyə ABŞ-ın, İsrailin nüvə silahı ola bilər, İranın yox?!

Əvvəla ona görə ki, beynəlxalq hüquq buna icazə vermir. İran 1970-ci ildən etibarən Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) rəsmi iştirakçısıdır.

İkincisi, ortada tək ədalət yox, bir məsuliyyət məsələsi var. İran kimi bir dövlətin atom bombasına malik olması bütün dünya üçün fərqli bir təhlükəyə çevrilə bilər.

İran elə bir dövlətdir ki, burada bir gənc qızı başıaçıq gəzdiyinə görə “əxlaq polisi” nəinki şallaqlaya, hətta döyüb öldürə bilir. Yaxud insanı dindən imtina etdiyinə görə edam edə bilərlər, halbuki, İslamın öz prinsiplərinə görə də hər kəs öz dini seçimində sərbəstdir, məcbur edilə bilməz. İranda hətta alkoqol içki qəbul etdiyi 3 dəfə məhkəmə ilə sübut edilən, yaxud həyat yoldaşına xəyanət etdiyi 4 şahid tərəfindən təsdiqlənən şəxslər daşqalaq olunaraq edam edilə bilər.

İran xarici siyasətdə də normalara məhəl qoymayan, Həmas və Hizbullah kimi terrorçu təşkilatları açıq şəkildə dəstəkləyən və silahlandıran bir dövlətdir. O təşkilatlar ki, onların savadsız, dünyagörüşü olmayan üzvləri, aldıqları maaş müqabilində dərələrdə gizlənib düşmənləri öldürməyi, ələ fürsət düşəndə sərhədin o tərəfinə keçib insanları girov götürməyi, qızları zorlamağı özlərinə həyat tərzi seçiblər.

Biz hamımız evimizdə bıçaq saxlayırıq, amma 3-5 yaşlı uşağın əlinə bıçaq vermirik. Əksinə, uşağın əlində bıçaq, kibrit, yaxud alışqan görsək götürürük. Eyni məntiqlə ictimai münasibətlərin inkişafi baxımından geridə qalmış, insan həyatına, qanuna və dəyərlərə əhəmiyyət verməyən bir rejimin əlinə nüvə silahı keçməməlidir.

…Kaş ki, heç bir ölkənin nüvə silahı olmasaydı. Amma artıq bu silah bəzi dövlətlərin əlindədir və onu onlardan almaq qeyri-mümkündür. Heç olmasa bundan sonra yayılmasın. Xüsusilə də müstəqilliyimizə daim qısqanclıqla baxan Tehran rejiminin əlinə atom silahı keçməsin.

Video/Foto: Həmas üzvləri İsraildə dinc sakinləri girov götürür (07.10.2023).