İran İsrailə ballistik raketlər atdı – Video

İyunun 14-ne keçən gecə İran İsrailə yüzlərlə ballistik raket atıb. İranın ali dini lideri Ayətullah Xamenei cümə günü televiziya ilə çıxışında İsrailin öz ərazisinə etdiyi hücumlara görə “ağır cəza” vəd edib.

İsrail hökuməti Tel-Əviv, Hayfa və Qüds səmasında partlayışlar olduğunu bildirib. Raketlərin bəziləri hava hücumundan müdafiə sistemini yara bilib.

Videoda İsrail Müdafiə Nazirliyinin binasına raket zərbəsi endirilməsi əks olunub. Təl-Əvivdə yaşayış binasının dağıldığı bildirilir. Təcili yardım maşınlarının məlumatına görə, 35 nəfər xəsarət alıb.
İsrail Müdafiə Qüvvələri İranın hücumunu mülki şəxslərə hücum adlandırıb.

“Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır. Əhalidən qorunan ərazilərə sığınmaq və növbəti xəbərdarlığa qədər orada qalmaları xahiş olunur”, – ordunun bəyanatında deyilir. Yerüstü hava hücumundan müdafiə sistemləri ilə yanaşı, raketlərin tutulmasında təyyarələr də iştirak edir.

İsrailin müdafiə naziri İsrael Katz deyib ki, İran dinc əhalinin yaşadığı binalara hücum etməklə “bütün qırmızı xətləri keçib”.

“Biz ayətullah rejiminin cinayət əməllərinə görə çox ağır bədəl ödəməsini təmin edəcəyik”, – Katz bildirib.

Daha sonra israillilərə sığınacaqlarını tərk etməyə icazə verilib, lakin növbəti hücumlara hazır olmaq çağırışı edilib.