İran geri çəkilir? Rəsmi Tehrandan diqqət çəkən açıqlama

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda xarici ölkələrin səfirləri ilə görüşündə bir sıra açıqlamalar verib.

O əmin edib ki, İranın İsrailə hücumları özünümüdafiə hüququna əsaslanan hərbi cavabdır: “Hücumlara cavab olaraq hərəkət etdik. Təcavüzdən özünü müdafiə etmək hər bir ölkənin qanuni haqqıdır. Silahlı qüvvələrimiz iki gecə əvvəl belə başladı – və davam edəcək”.

İran diplomatiyasının rəhbəri Yaxın Şərq regionunda İsraili qınayan ölkələrə təşəkkür edərək, “Bu dəfə sionist rejim beynəlxalq hüquqda yeni qırmızı xətti keçdi – nüvə obyektinə hücum beynəlxalq hüququn tapdalanması və çox ağır cinayətdir. Təəssüf ki, bu, BMT Təhlükəsizlik Şurası tərəfindən biganəliklə qarşılandı”.

“Əlbəttə, Avropada sivilizasiyalı olduqlarını və beynəlxalq hüquqa riayət etdiklərini iddia edən ölkələr var. Amma onlar İsraili pisləmək əvəzinə, faktiki olara təcavüzün hədəfinə çevrilən İranın özünü pislədilər”, – deyə Əraqçi əlavə edib.

“Münaqişənin Fars körfəzinə gətirilməsi strateji səhvdir və məqsədi müharibəni İran ərazisindən kənara çıxarmaqdır”, – İranın xarici işlər naziri deyib.

Araqçi İsraili İran-ABŞ nüvə danışıqlarını sabotaj etmək cəhdində günahlandırıb (Tehran öz təklifini bu bazar günü, iyunun 15-də danışıqların indi ləğv edilmiş altıncı raundu zamanı təqdim etməli idi).

“Aydındır ki, İsrail rejimi nüvə məsələsində heç bir razılaşma istəmir. Danışıqlar və diplomatiya istəmir. Nüvə müzakirələrinin ortasında İrana hücum İsrail rejiminin istənilən formada danışıqlara qarşı olduğunu açıq şəkildə nümayiş etdirir”, – İranın xarici işlər naziri vurğulayıb.

“İsrailin hücumu ABŞ-ın yaşıl işığı və dəstəyi olmasaydı, heç vaxt baş verməzdi”, – deyən Əraqçi Vaşinqtonun son hücumlarda iştirakının olmadığına dair iddialarına inanmadığını bildirib.

“Birləşmiş Ştatlar xoşməramlılığını sübut etmək istəyirsə, İsrailin İranın nüvə obyektlərinə zərbələrini pisləməlidir”, – iranlı nazir bildirib.

O, əmin edib ki, “İsrail İslam Respublikasına qarşı hərbi kampaniyasını dayandıran kimi” İsrailə hücumlar dayandırılacaq.

“Biz məcbur edilmədikcə müharibəni regiona genişləndirməkdə maraqlı deyilik – təcavüz dayansa, cavab tədbirlərimiz də dayanacaq”, – deyən iranlı diplomat əlavə edib: “Ümid edirəm ki, beynəlxalq ictimaiyyət İran ətrafındakı vəziyyətə lazımi diqqət yetirəcək, İsrailin təcavüzünün qarşısını alacaq – bu, regionda sülhə nail olmağın ən yaxşı yoludur”.

Müşahidəçilərin fikrincə, bu bəyanatlar Tehranın ritorikasının nəzərəçarpacaq dərəcədə dəyişdiyini göstərir. Görünür, İran gərginliyi azaltmaq üçün diplomatik kanal axtarır. ABŞ və İsraildən hələlik bu bəyanatlara heç bir rəsmi reaksiya yoxdur.