Siyasi məhbus müalicə müəssisəsində ayrıseçkiliklə üzləşib
Siyasi məhbus Samir Aşurov səhhətində yaranmış problemlərlə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsinə köçürülüb. Lakin müəssisənin baş həkimi Müsəllim Əmiraslanov onu qəbul etmir.
Bu barədə Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova feysbuk hesabında məlumat paylaşıb: “Baş həkim özünü müəssisənin sahibi kimi aparır, Samiri qəbul etməmək üçün müxtəlif bəhanələr gətirir. Halbuki, digər xəstə məhbuslar tez bir zamanda qəbul olunur.
Sual yaranır: Müsəllim Əmirəslanov yalnız rüşvət qarşılığında xəstə məhbusları qəbul edir? Niyə Samirin müraciətləri cavabsız qalır?”
Samir Aşurov 2023-cü il martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi – xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). Həmin il iyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi – 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.
2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələrilə təqsirli bilərək 6,5 il azadlıqdan məhrum edib. 2024-cü il fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.
2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər bir neçə min nəfərin readmissiyası artıq baş tutub.
2022-ci ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal – Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunub.
Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edib.