ABŞ rəsmisi: “Rusiya Qarabağ münaqişəsinin həllinə imkan vermir”
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib.
O, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda uzun müddət qalmaq niyyətində olduğunu və Azərbaycan hakimiyyət orqanlarının bundan narazılığının getdikcə artacağını deyib.
ABŞ rəsmisi fikrini izah etmək üçun gürcü diplomatlarından birinin dediklərini xatırladıb: “Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri noyabr ayında belə deyib: “İndi Azərbaycanın vəziyyəti Gürcüstanın 1998-ci ildəki vəziyyəti ilə eynidir. Sonra Azərbaycan Gürcüstanın 2008-ci ildə olduğu vəziyyətdə gəlib çatacaq. Və sonra özünü Gürcüstanın indi olduğu vəziyyətdə tapacaq”.
“Bu, Rusiyanın Qarabağ problemini öz xeyrinə necə manipulyasiya etdiyini və problemi həll etmək üçün Ermənistanla Azərbaycanın irəliləməsinə imkan vermədiyini göstərən çox bədbin, lakin real bir qiymətləndirmədir” – deyə, Corc Kent vurğulayıb.
***
Bakı və Yerevan maraqlı olduğu təqdirdə, ABŞ münaqişənin nizamlanmasında Ermənistana və Azərbaycana kömək etməyə hazırdır. “Azadlıq” radiosunun Ermənistan xidmətinin məlumatına görə, bu barədə ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent onlayn seminarda bildirib.
Onun sözlərinə görə, ABŞ Minsk Qrupunun həmsədri qismində sülhün axtarışında iştirak edə bilər. Amma ABŞ-ın iştirak dərəcəsi Bakıdan və Yerevandan, habelə Moskvanın siyasətindən asılıdır.
Rusiya “atəşkəs şərtlərini Minsk Qrupu mexanizmilə razılaşdırmamaq qərarına gəlib”, “bunu birbaşa üçtərəfli formatda (Rusiya-Azərbaycan-Ermənistan) edib”.
Təhlükəsizlik üçün əsas təhdid Ermənistanın və Azərbaycanın yekun status haqqında razılığa gəlməyə hazırlığı məsələsidir.
“Azərbaycan müharibənin qalibi qəbul edilə bilər, amma dörddə bir əsr əvvəl Ermənistan birinci müharibənin qalibi olduğu zaman olduğu kimi, bu, böhranın həllinə səbəb olmur”, deyə Kent qeyd edib.
Eyni zamanda, Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşması məsələsində “əlverişli imkanlar yaranır”. “Ola bilər ki, bu, bu ay, bu il yox, gələcəkdə baş versin”, deyə Kent bildirib.
Basta