ABŞ İranın nüvə obyektlərini bombaladı
ABŞ Hərbi Hava Qüvvələri İranın Fordo, İsfahan və Natanz da daxil olmaqla nüvə infrastrukturuna hücum edib.
Bu haqda ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb.
“Biz İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə hücumu uğurla başa çatdırdıq” – deyə, o bildirib.
Tramp qeyd edib ki, Fordoun əsas sahəsinə tam dolu bomba atılıb: “Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar. Böyük Amerika döyüşçülərimizi təbrik edirik. Dünyanın heç bir ordusu bunu edə bilməzdi. İndi sülh zamanıdır!”
Rəsmi Tehran nüvə obyektlərinin hücuma məruz qaldığını təsdiqləyib. İranın xarici işlər naziri Abbas Arakçi ölkəsinin bu hücuma cavab vermək hüququna malik olduğunu bildirib: “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olan Birləşmiş Ştatlar İranın dinc nüvə obyektlərinə hücum etməklə BMT Nizamnaməsini və beynəlxalq hüququ kobud şəkildə pozub. Bu səhər baş verən hadisələr dəhşətlidir və son dərəcə təhlükəli nəticələri olacaq. BMT Nizamnaməsinə uyğun olaraq, İran öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün variantları və hüquqları özündə saxlayır”.
Məlumata görə hücum zamanı Amerikanın B-2 bombardmançıları tərəfindən daşına bilən 13 tonluq GBU-57 bunker bombalarından istifadə edilib.
Daha əvvəl Tramp demişdi ki, İran-İsrail qarşıdurmasına ABŞ-ın qatılıb-qatılmayacağına dair qərarını iki həftə sonra verəcək. Bu açıqlama bir çoxları tərəfindən rişxəndlə qarşılanmışdı. Bəzi şərhçilərin fikrincə, reytinqinin sürətlə endiyini görən Tramp qərarını dəyişib. Lakin istisna deyil ki, Tramp bununla İranın HHM qüvvələrini arxayın salmağa çalışıb.