Fərid Allahverdiyevin həbsinə ABŞ senatorundan reaksiya

ABŞ Senatoru Jeanne Shaheen AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin 9 il həbsə məhkum edilməsinə münasibət bildirib.

X platformasında paylaşım edən senator Fərid Mehralızadə ilə bağlı qərarı “ədalətin parodiyası” adlandırıb: “Azad Avropa/AzadlıqRadiosunun jurnalisti Fərid Mehrəlizadənin bu gün 9 il həbs cəzasına məhkum edilməsi ədalətin parodiyasıdır. ABŞ Dövlət Departamenti Bakıda hakimiyyət orqanlarına açıq şəkildə bildirməlidir ki, jurnalistika cinayət deyil. Fərid ailəsindən daha artıq ayrılıqda qalmamalıdır”.

AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə barəsində iyunun 20-də “AbzasMedia İşi” çərçivəsində yekun qərar verilib. “AbzasMedia İşi” çərçivəsində Mehralızadə 9 il, “AbzasMedia”nın təsisçisi Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) 9 il, əməkdaşı Məhəmməd Kekalov 7 il 6 ay, “Turan” İnformasiya Agentliyinin redaktoru Hafiz Babalı 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il azadlıqdan məhrum edilib. Onlar özlərinə qarşı maliyyə qaçaqmalçılığı və digər ittihamları rədd edirlər, həbslərini jurnalistika fəaliyyəti ilə əlaqələndirirlər.

Azərbaycanın rəsmi dairələri isə ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs edilmədiyini deyirlər.

AzadlıqRadiosu