Müsavat Məclisinin sessiyası keçirildi
Bu gün, iyunun 22-də Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. Partiyadan verilən məlumata görə, iclasda təşkilati məsələlər və ictimai-siyasi vəziyyət müzakirə olunub.
Arif Hacılının sədrliyi ilə keçirilən iclasda partiya başqanı İsa Qəmbər məruzə ilə çıxış edib.
Toplantıda başqanın müavinləri Razim Əmiraslanlı, Gülağa Aslanlı, Mustafa Hacıbəyli, Divan üzvləri Almaz Əliqızı, Mirbaba Babayev, Məclis üzvləri Hidayət Allahverdi, Tahir Səfərli, Namiq Niftiyev, Zakir İsmayıl, Yusif Tağı çıxış ediblər.
“Ölkəmizdə, bölgəmizdə, dünyamızda gedən prosesləri müzakirə etdik. Müsavat Partiyasının dəyərlərinə, prinsiplərinə, hədəflərinə uyğun şəkildə yolumuza davam edəcəyik” -deyə, Müsavat başqanı İsa Qəmbər sessiyadan sonra özünün feysbuk səhifəsində etdiyi paylaşımda bildirib.
Arif Hacılı isə öz paylaşımında qeyd edib ki, sessiyada Rusiya-Ukrayna, İsrail- İran cəbhələrində çağdaş durum, həmçinin Azərbaycanda ümumi ictimai-siyasi vəziyyət, artan repressiya dalğası, siyasi məhbuslar, ümumi idarəçilik sahəsində, təhsil sistemində və digər sahələrdə problemlər, partiyanın qarşısında duran vəzifələr ətrafında maraqlı müzakirələr olub: “Məclisin Güneyli soydaşlarımızla ictimai-mədəni əlaqələr üzrə daimi komissiyasını yaratdıq.
“24 iyun, Elçibəyin doğum günündə “İsrail-İran müharibəsi və Güney Azərbaycan” mövzusunda xüsusi toplantı keçirmək barədə qərar qəbul etdik” – deyə, Arif Hacılı vurğulayıb.
Basta