Xəzərdəki süni torpaq sahəsində kazino fəaliyyətinə icazə verildi

İyulun 8-də Milli Məclis Azərbaycanda kazino fəaliyyətini üçüncü oxunuşda qəbul edib. Bu haqda Modern.az məlumat yayıb. Qanuna əsasən, Azərbaycanda kazino yalnız Xəzər dənizində yaradılan süni torpaq sahələrində təşkil oluna bilər.

Kazinolar yalnız xüsusi lisenziya əsasında fəaliyyət göstərəcək, lisenziya üçün müraciətdən başlayaraq fəaliyyət dövründə dövlət nəzarəti həyata keçiriləcək. Kazino təşkilatçısı yalnız hüquqi şəxs ola bilər və maliyyə əməliyyatlarında şəffaflıq, AML/CFT tələblərinə əməl etməlidir.

Yeni qaydalar uduşların təminatını, dövlət rüsumunun məbləğini və oyunların keçirilməsinə dair qadağa və məhdudiyyətləri də əhatə edir. Oyunlarda yalnız 21 yaşdan yuxarı şəxslərin iştirakı nəzərdə tutulur, virtual kazinolar isə qadağan edilir.

“Abzas Media” yazır ki, ötən ilin oktyabrında azərbaycanlı biznesmen, İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov Nardaran qəsəbəsindəki “SeaBreeze” kurort kompleksində kazino açmaq istəyini dilə gətirib.
 
O, rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində deyib ki, hazırda hökumət kazinoların açılması təşəbbüsünü nəzərdən keçirir.
 
Emin Ağalarov Azərbaycanda həm də ilk süni adanın sahibidir. Hazırda kazinoların legitimləşdirilməsilə bağlı qanunu müzakirə edən parlament bundan əvvəl Ağalarovun süni adalarını da legitimləşdirən qanun qəbul edib. Ancaq həmin qanun süni ada hazır olandan sonra qəbul edilib. 

AXCP sədri Əli Kərimli özünün feysbuk səhifəsində yazıb ki, Milli Məclis bu qanunu Emin Ağalarovun kazino aça bilməsi üçün qəbul edib.

“Qanuna əsasən, Azərbaycanda kazino yalnız Xəzər dənizində yaradılan süni torpaq sahələrində təşkil oluna bilər. Ondansa birbaşa yazın ki: “Azərbaycanda kazino açmağa icazə verilir, həm də yalnız bizə”. Bu ölkədə başqa kim Xəzərdə süni ada düzəldə bilər ki?..”  – Əli Kərimli vurğulayıb.