Tramp ilə dostu Putin arasında gərginliyin kökündə nə dayanır – Versiya
Subyektiv
Kamran Cəfərov
Son günlər ərzində Trampın Rusiyaya və şəxsən Putinə qarşı ritorikası kəskin sərtləşib. Əvvəllər “dostum Vladimir” deyən Tramp bu gün “Putin üstümüzə nəcis atır” deyir, bu azmış kimi Tramp artıq Ukraynaya silah yardımını artıracağını da deyir.
Trampın Ukraynaya silah tədarükünü artıracağına skeptik yanaşıram, amma iki dost Tramp və Putin arasında yaranan gərginlik də göz qabağındadır.
Nə baş verir? Uzaqdan başlayaq.
İlon Mask ABŞ-ın Federal Seçki Komissiyasına “Amerika” adlı siyasi partiyanın qeydiyyatı üçün müraciət edib. Müvafiq sənəd, qurumun portalında yerləşdirilib.
Bəyanata əsasən, partiyanın adı “Amerika Partiyası” (America Party, AMEP) olacaq. Müraciət 2025-ci il iyulun 6-da göndərilib.
Mask X sosial şəbəkəsində bu xəbəri belə şərh edib:
MAGA – keçmişdir.
Woke – saxta hədəfdir (respublikaçılar bu ifadə ilə demokratların tərəqqipərvər gündəmini nəzərdə tuturlar).
Orta yol – gələcəkdir.
Amerika Partiyası – əksəriyyətin partiyasıdır.
Maskın ideoloji baxışları faşist baxışları ilə oxşardır, o, Putinin və ümumilikdə rusçuluğun pərəstişkarıdır. Avropadakı seçkilərdə Mask yalnız Putinə yaxın namizədləri dəstəkləyirdi: Almaniyada AfD-ni, Fransada Le Peni, Rumıniyada Corceskunu, Britaniyada Faracı, Macarıstanda Orbanı və s..
Ümumiyyətlə ABŞ-da yeni bir partiyanın yaradılması (formal yox, həqiqi üçüncü güc kimi) milyonlarla yox, 100 milyonlarla yox, hətta 10 milyardlarla da yox, 100 milyardlarla(!) dollar və onilliklər tələb edir. Və hətta həmin onilliklər və 100 milyardlar sərf olunsa da, yeni partiyanın gələcəkdə siyasi uğurları hələ də böyük suallar doğuracaqdı. ABŞ-ın oturuşmuş siyasi sistemi var və 3-cü güc olaraq ortaya çıxmaq son dərəcədə çətindir, bəlkə də mümkünsüzdür. İki partiyalı siyasi sistem ideoloji, tarixi və ərazi baxımından nəhəng bir sistemdir. Maskın bu sistemi dağıtmaq potensialı 0.0%-dir, amma…
Mask nə edə bilər?
O, Konqresə keçiriləcək seçkilərdə 5-10 nümayəndə və 3-4 senatorluğa namizədini maliyyə ilə dəstəkləyə bilər (onların “yeni partiyadan” olduğunu söyləyərək).
Əgər Mask bunu edə bilsə, onun partiyası ABŞ Konqresində söz sahibinə çevrilə bilər. Təsəvvür edin ki, misal üçün demokratların Senatda 48, respublikaçıların 48, Maskın isə 4 senatoru var. Qanunun qəbulu üçün isə 51 səs lazım olacaq, hər 2 partiya kimi qapısına gələcək? Bəli, Maskın və Mask yeni partiyanı məhz bunun üçün də yaradır.
Digər önəmli məsələ ondadır ki, demokratların elektoratı HEÇ zaman Maskın namizədinə səs verməyəcək, bu mümkün deyil, amma Trampın radikal və ultra-radikal elektoratı arasında Maskın simpatizanları mütləq tapılacaq.
Nəticə etibarı ilə elə çıxır ki, Maskın siyasi arenaya müstəqil oyunçu kimi çıxması Trampın və ümumiyyətlə respublikaçıların elektoratını parçalayacaq.
Bəs bu hadisələrin Trampın Rusiyaya qarşı ritorikasının sərtləşməsilə nə əlaqəsi var?
Bir ay qabaq Maskın atası Moskvada Duqinin keçirtdiyi forumda Lavrov və Rusiya xüsusi xidmət orqanlarının yüksək rütbəli zabitləri ilə görüşüb. Bu çox önəmli hadisədir.
İndi isə Duqinin Mask tərəfindən yeni partiyanın yaradılmasına reaksiyasına nəzər salaq:
– Deməli, görünür ki, Mask “Amerika” adlı yeni partiya ilə irəliləməyə qərar verib. MAGA indi yolayrıcındadır. Tramp – qorxulu fiqurdur, lakin onun İranla müharibəsi, Netanyahunu tam dəstəkləməsi və neokonservatorlarla (xüsusilə Lindsi Qremlə) oynadığı oyunlar ona olan etimadı(!!!!!!) ciddi şəkildə sarsıtdı.
Bunu Duqin deyib. Duqinin kimliyi isə bəllidir və zərrə qədər şübhə yoxdur ki, bu bəyanat sözbəsöz Kremldən diktə edilib.
Gördüyünüz kimi Rusiya Maskı dəstəkləyir və bu heç də təəccüblü deyil. Rusiya ümumiyyətlə heç zaman hansısa ölkədə gücünü və təsir imkanlarını 1 qüvvəyə bağlamır, eyni zamanda bir neçə qüvvə ilə “işləməyə” üstünlük verir.
Bəlkə “dostu Vladimirin” məhz Maskla flörtü Trampı bu qədər qıcıqlandırır? Məncə Trampın Putinə qarşı aqresivləşməsinin kökündə məhz bu dayanır.