Melaniya Tramp Rusiyanın Ukraynadan oğurladığı uşaqlarla bağlı Putinə məktub göndərib
ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp Rusiya prezidenti Vladimir Putinə şəxsi məktub yazıb. Bu haqda Reuters Ağ Evin iki rəsmisinə istinadən cümə günü məlumat yayıb.
Rəsmilər bildiriblər ki, prezident Tramp məktubu Alyaskada apardıqları danışıqlar zamanı Putinə şəxsən çatdırıb. Sloveniya əsilli Melaniya Trampın Alyaska səfərində onunla birgə olmayıb.
Rəsmilər məktubun məzmununu açıqlamayıb, sadəcə bildiriblər ki, məktubda Ukraynadakı müharibə nəticəsində uşaqların qaçırılmasından söhbət gedir.
Məktubun mövcudluğu barədə əvvəllər məlumat verilməmişdi.
Rusiyanın ukraynalı uşaqları ələ keçirməsi Ukrayna üçün çox ağrılı bir məsələdir. Ukrayna on minlərlə uşağın oğurlandığını, ailələrinin və ya qəyyumlarının razılığı olmadan onların Rusiyaya və ya işğal altındakı ərazilərə aparıldığını bildirib. Rəsmi Kiyev bunu BMT müqaviləsində nəzərdə tutulan soyqırım anlayışına cavab verən hərbi cinayət adlandırıb. Moskva daha əvvəl müdafiəsiz uşaqları müharibə zonalarından qoruduğunu bildirib.