Tramp-Putin görüşü razılaşma və atəşkəs olmadan başa çatdı
ABŞ prezidenti Donald Tramp və Rusiyanın rəhbəri Vladimir Putin arasında keçirilən görüş “əhəmiyyətli irəliləyiş” iddialarına baxmayaraq, razılıq əldə olunmadan və Ukraynada atəşkəs elan edilmədən başa çatıb.
Tramp və Putin görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Tramp bildirib ki, ikitərəfli görüş zamanı iki tərəf bir sıra məsələləri müzakirə edib və “əhəmiyyətli irəliləyiş” əldə edib, lakin heç bir rəsmi razılaşma əldə olunmayıb: “Bir az sonra NATO-ya zəng edəcəm. Lazım olduğunu düşündüyüm müxtəlif adamlara zəng edəcəm. Və təbii ki, prezident (Vladimir – red.) Zelenskiyə zəng edib bugünkü görüş barədə danışacam. Nəhayət, bu, onların işidir”.
Tramp həmçinin Putinlə danışıqların “son dərəcə məhsuldar” olduğunu və “bir çox məsələlər barədə razılığa gəlindiyini” bildirib.
“Razılaşmadıq, lakin razılaşmaq üçün çox yaxşı şansımız var”, – Tramp bildirib.
Mətbuat konfransı ümumilikdə 12 dəqiqə çəkib. Onlar jurnalistlərin heç bir sualını cavablandırmayıblar.
Görüşdən əvvəl Tramp təkrar edib ki, Putin Ukraynada müharibənin dayandırılmasında maraqlı olmasa, ciddi iqtisadi nəticələrlə üzləşəcək.
Bloomberg-in məlumatına görə, ABŞ Kreml rəhbərini Ukrayna ilə atəşkəsə razılaşmağa məcbur etmək məqsədi daşıyan tədbirlər kompleksi çərçivəsində Rusiyanın “Rosneft” və “Lukoyl” neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.
Bundan əvvəl Britaniyanın “The Telegraph” nəşri Trampın Alyaskada Putinlə görüşü zamanı bir sıra iqtisadi stimullar təklif etməyi, xüsusən də Ukraynaya qarşı müharibənin dayandırılması müqabilində Alyaskanın təbii sərvətlərinə çıxış və Rusiya aviasiya sənayesinə tətbiq edilən sanksiyaların qismən ləğv edilməsini planlaşdırdığını yazıb.