3500 rus əsgərinin meyiti ortalıqda qalıb – Ukrayna “Qırmızı Xaç”a müraciət etdi
Ukrayna Beynəlxalq Qırmızı Xaç Komitəsini ölmüş rus əsgərlərinin meyitlərini Rusiyaya daşımağa kömək etməyə çağırır.
UNİAN müxbirinin verdiyi məlumata görə, bu barədə brifinqdə baş nazir müavini – müvəqqəti işğal edilmiş ərazilərin reinteqrasiyası məsələləri üzrə nazir İrina Vereşuk bildirib.
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin rus əsgərlərinin meyitlərini Rusiya Federasiyasına daşımağa kömək etməsini xahiş edirik. Söhbət minlərlə işğalçı meyitindən gedir, bu, humanitar ehtiyacdır və biz rus işğalçılarının meyitlərinin Ukrayna ərazisini tərk edib Rusiya Federasiyasına aparılmasını xahiş edirik”, deyə Vereşuk qeyd edib.
O əlavə edib ki, RF bu gün Ukrayna torpaqlarına neçə işğalçı meyiti olduğunu bilməlidir.
“Qırmızı Xaç, bu humanitar problemi həll etmək üçün sizdən asılı olan hər şeyi edin”, deyə Vereşuk bildirib.
UNİAN-ın bu gün, fevralın 26-da səhər verdiyi məlumata görə, Prezident Ofisinin rəhbərinin müavini Mixail Podolyak bildirib ki, müharibənin başlanğıcından etibarən 3,5 min rus əsgəri öldürülüb, 200-ə yaxın əsgər əsir götürülüb.
Rusiya tərəfi hələlik rəsmi Kiyevin Qırmızı Xaç Komitəsinə bu müraciəti ilə bağlı şərh verməyib.