Quru sərhədlərimizin bağlı saxlanmasının səbəbi nədir?
Rəsmi olaraq bu məhdudiyyətin COVİD-19 pandemiyası ilə bağlı olduğu göstərilir.
Artıq 4 ildən çoxdur ki, mövsümi xəstəliyə çevrilən COVİD-19 bəhanəsi o qədər gülüncdür ki, bəzi Milli Məclis üzvlərinin sonra isə dövlət başçısının dili ilə quru sərhədlərimizin bağlı saxlanması təhlükəsizlik məsələləri ilə əlaqələndirildi.
Əvvəla aydınlaşdıraq ki, təhlükəsizlik baxımından quru sərhədlərin bağlı saxlanması nə deməkdir?
Azərbaycanın qonşu dövlətlərlə 2.648 km.quru sərhədi var.
Təhlükəsizlik baxımından bu sərhədlər həmişə bağlıdır, bağlı olmalıdır.
İndiki halda söhbət quru sərhədlərimizin üzərindəki sayı 7-8 dən çox olmayan sərhəd keçid məntəqələrindən gedir.
İlham Əliyev dedi ki, şimalda və cənubda gedən proseslər (Rusiyada və İranda) quru sərhədlərimizin bağlı saxlanmasını diqtə edir.
Belə başa düşmək olar ki, Rusiya müharibədə daha ağır itkilərə məruz qalsa və ya İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlasa Azərbaycana kütləvi qaçqın axını ola bilər.
Əvvəla, doğrudan da belə böyük kataklizmlər olacaqsa köç edənlər sərhəd-keçid məntəqələrinəmi gələcəklər?
İkincisi, belə zərurət yaransa ani bir qərarla keçid məntəqələrini bağlamağa nə mane olacaq?
12 günlük İran-İsrail müharibəsi dövründə cənub sərhəd-keçid məntəqələrinin xarici vətəndaşlar üçün açılması bu iddianın nə qədər absurd olduğunu bir daha təsdiq etdi.
Azərbaycana cəsus göndərilməsinin qarşısının alınması iddiası da iki səbəbdən əsassızdır.
1. Düşmən qüvvələr ölkəyə təyyarə və başqa üsullarla da cəsus göndərə bilər.
2. Azərbaycanda İranın, ərəb ölkələrinin nəzarəti altında olan, bu ölkələrdən maliyyələşən təşkilatlanmış qruplar böyük şəhərlərimizdə və regionlarda leqal olaraq fəaliyyət göstərir.
Rusiya agentura şəbəkəsinin bir çox hakimiyyət strukturlarında dərin kökləri var.
Qeyd edilən problemin həlli üçün sərhədləri bağlı saxlamaq yox, ilk növbədə bu məsələlərə diqqəti artırmaq lazımdır.
Şimal və cənub quru sərhədlərimizin bağlı olması ilə əlaqədar əsassız da olsa izahat verildi.
Bəs, Gürcüstanla, bu ölkə üzərindən Türkiyə ilə quru sərhədlərimiz niyə bağlıdır? Bunun izahı nədir?
İzah yoxdur, olması da mümkün deyil.
Çünki quru sərhədlərimizin bağlı saxlanmasının milli mənafelərimizə, təhlükəsizlik təminatımıza heç bir aidiyyatı yoxdur.
Qazax-Ağstafa, Balakən-Zaqatala rayonlarında yaşayanlar bu sərhəddən gəlib-gedən saysız-hesabsız şirkət maşınlarını gördükləri üçün daha yaxşı bilirlər ki, quru sərhədlər yalnız sadə vətəndaşların üzünə bağlıdır.
Bu qərar orta və xırda biznesin çökməsinə, ərzaq məhsullarının, gündəlik tələbat mallarının qiymətlərinin artmasına səbəb olmaqla əhalinin xüsusilə aztəminatlı hissəsinin daha da yoxsullaşmasına səbəb olur.
Yalnız aviabilet qiymətlərini fantastik səviyyədə yüksəldən aviaşirkətlərin, müxtəlif biznes sahələrini nəzarətdə saxlayan monopolist məmur-oliqarxların, süni surətdə yaradılmış azsaylı hakim elitanın maraqlarına xidmət edir.
Quru sərhədlərimizin 6 ilə yaxın bir müddətdə bağlı saxlanması bütün tariximiz boyu yadda qalacaq və indiki iqtidarın xalqa qarşı siyasətinin bariz nümunəsi kimi müzakirə olunacaq bir məsələdir.
Milli mənafelərimizə zərbə vuran, xalqın həyat səviyyəsini pisləşdirən bu qərar ləğv edilməli, quru sərhədlərimiz açılmalıdır!
Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.