Britaniya kəşfiyyat xidmətinin rəhbəri: “Putin çeynəyə biləcəyindən daha çox dişləyib”
Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur deyib ki, Putin Rusiyanın Ukrayna ilə müharibədə qələbəsinin qaçılmaz olduğunu deyəndə yalan danışır.
“Birbaşa deyəcəm – Putin çeynəyə biləcəyindən daha çox dişləyib. O düşünürdü ki, yüngül qələbə qazanacaq. O və digərləri ukraynalıları qiymətləndirə bilmədilər” – deyə Mur Türkiyədə etdiyi çıxışında söyləyib.
Mur çıxışını sentyabrın 20-də İstanbulda edib. Bu həm də MI6 şefi olaraq son rəsmi çıxışı olub. Britaniyanın Türkiyədəki konsulluğunda MI6 rəhbəri həmçinin rəhbərlik etdiyi qurumla əlaqəni təmin edəcək portalın təqdimatını edib. Mur çıxışı zamanı bunun “Rusiyanın gedişatından razı olmayan rusları hədəflədiyini” deyib.
Mur bildirib ki, aqressorun ağrıları qurbanın ağrılarıyla eyniləşdirilməməlidir, amma Putinin insan həyatına nifrəti onun öz xalqına da yayılır. Onun sözlərinə görə, Rusiya artıq milyondan yuxarı itki verib və ölənlərin çoxusu kasıb regionlardan cəbhəyə gətirilmiş az hazırlıqlı əsgərlər olublar.
MI6 rəhbəri Putinin danışıqlarda maraqlı olmasına dair heç bir sübutun olmadığını bildirib. Onun fikrincə, Putin danışıqları yalnız görüntü xətrinə aparır, o, Ukraynanın müstəqil dövlət olması haqqını inkar edir.
“Putin çalışır ki, dünyanı Rusiyanın qələbəsinə inandırsın, amma bu yalandır. O, dünyanı, xalqını və bəlkə özünü də aldadır. İstənilən başqa bir ölkənin liderinin zəngi onda sistemin düşündüyü və eşitmək istədiyi reaksiyaya səbəb olur. Lakin bu, Kremlin real gücünü əks etdirmir”.
Mur onu da deyib ki, Putin uzunmüddətli perspektivdə öz şəxsi ambisiyaslarını ölkənin maraqlarından üstün tutub, bununla da Rusiya iqtisadiyyatı və demoqrafiyasını tənəzzülə aparıb.
AzadlıqRadiosu