Siyasi məhbuslarla bağlı 8 Noyabr çağırışı
Siyasi məhbusların ailə üzvləri, vəkillər, hüquq müdafiəçiləri və siyasətçilərin iştirakı ilə bu gün Müsavat Partiyasının qərargahında keçirilən toplantıda qəbul edilən
Bəyanat
Azərbaycanda 30 ildən artıqdır ki, insan haqları mütəmadi olaraq və kütləvi şəkildə pozulmaqdadır. Azərbaycan xalqı faktiki olaraq fikir və ifadə, sərbəst toplaşma, seçki, hərəkət və digər azadlıqlardan məhrum edilib.
Cəmiyyəti qorxu altında saxlamağı qarşısına məqsəd qoyan hakimiyyət ölkədə repressiya siyasətini davam etdirir.
“Abzas Media”, “Toplum TV”, “Meydan TV”, “Kanal 13” və digər media orqanlarında çalışan və onlarla əməkdaşlıq edən 30-dan artıq jurnalist və ictimai fəal, o cümlədən doqquz qadın jurnalist əsassız olaraq həbsdədir. İndi də “Hürriyyət” qəzetinin rəhbərliyinə qarşı müəmmalı cinayət işi qaldırılıb.
Hakimiyyət müxalifəti və ictimai sektoru daim təzyiq altında saxlayır, tənqidçiləri susdurmaq üçün mütəmadi olaraq qanunsuz həbslər həyata keçirir. Hüquq müdafiəçilərinin hesablamalarına görə, ölkədə 350-dən artıq siyasi məhbus var. Tofiq Yaqublu, Zamin Salayev, Ələsgər Məmmədli, Şəmşad Ağa, Hafiz Babalı, Ələddin Ələsgərli və digərlərinin səhhətində ağır problemlərin olmasına baxmayaraq, onların müalicəsinə imkan verilmir.
Biz, bu bəyanatı qəbul edənlər əminik ki, daim azadlığa can atan, hər fürsətdə dövlətin müstəqilliyinə nail olan Azərbaycan xalqı azad yaşamağa layiqdir. Azərbaycan xalqı, o cümlədən siyasi müxalifət və vətəndaş cəmiyyəti dövlətimizin ərazi bütövlüyü uğrunda aparılan müqəddəs mübarizədə ordumuzun yanında olub. Biz Azərbaycan hakimiyyətini bu amili nəzərə almağa, 8 noyabr – Zəfər Günü ərəfəsində ölkədə həmrəyliyin yaranması istiqamətində addımlar atmağa çağırırıq.
Azərbaycan hakimiyyətini ölkə Konstitusiyasına və imzaladığı beynəlxalq konvensiyalara əməl etməyə, bütün siyasi məhbusları dərhal azad olunması, ölkədə söz, media, sərbəst toplaşma və digər fundamental hüquqların təmin olunması istiqamətində addımlar atmağa çağırırıq.
4 noyabr 2025-ci il
Bakı şəhərı

