Türkiyənin hərbi yük təyyarəsi Azərbaycan sərhədindən beş kilometr aralıda qəzaya uğradı

Türkiyənin “C-130” hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən 5 kilometr aralıda qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə Siqnaqi bələdiyyəsində baş verib.

Qəza ilə bağlı artıq araşdırmalara başlanılıb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə aparılır. Həmin maddə hava nəqliyyatı hərəkətinin və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.

Qəzanın səbəbi və təyyarədəki hərbçilərin sayı barədə məlumat hələlik açıqlanmayıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə gürcüstanlı həmkarı Gela Geladze ilə telefonla danışdığını və onun hadisə yerinə getdiyini açıqlayıb.

“Azərbaycandan ölkəmizə gəlmək üzrə havaya qalxan “C-130″ hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb”.

Bu məlumatı isə  Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.

Qeyd edilib ki, axtarış-xilasetmə işlərinə Azərbaycan və Gürcüstan qurumları ilə koordinasiyalı şəkildə başlanılıb.