Arif Hacılı: “Yaddaşı gödək olanlara xatırladım ki…”
Əziz dostlar!
Bir qədər uzun alınsa da vaxt tapıb bu yazını oxuyun. Yaddaşları gödək olub bizim Vətən Müharibəsi və ondan sonrakı dövrdə mövqeyimizi təhrif edənlərə xatırlatmalarımdır.
Müharibənin başlanması barədə ilk xəbəri sentyabrın 27-si səhər saat 8 olmamış
müavinim Fərəc Kərimlidən aldım.
Dərhal Müsavat Partiyasının müharibəyə münasibətini bildirən bəyanat layihəsini hazırlayıb Divan üzvləri ilə razılaşdırdım.
Müharibənin başlanma səbəbləri və əsl mahiyyətini əks etdirən, Azərbaycan xalqı üçün azadlıq müharibəsi olduğunu qeyd etdiyimiz bəyanatımız qısa müddət sonra ölkə və xarici mətbuat orqanlarına göndərildi.
Bəyanatımız artıq səhər saat 9 radələrində Turan İnformasiya Agentliyi vasitəsilə Azərbaycan, rus və ingilis dillərində bütün dünyaya yayıldı.
Beynəlxalq birliyə xüsusi müraciət hazırladıq.
Avropada fəaliyyət göstərən öz ölkələrinin parlamentlərində, digər hakimiyyət strukturlarında o cümlədən Avropa Parlamentində təmsil olunan 30 dan çox ölkənin 70 dən çox siyasi partiyası müharibənin əsil mahiyyəti barədə ilk məlumatı bizdən aldı.
Bütün Azərbaycan xalqını ordumuz ətrafında birləşməyə, ümumiyyətlə vətəndaş həmrəyliyinə çağırışlar etdik.
İkinci Qarabağ müharibəsini ilk olaraq biz Vətən Müharibəsi adlandırdıq.
Heç reklam etmədən müharibədə könüllü iştirak üçün hərbi komissarlığa müraciət etdim.
Yüzlərlə Müsavat üzvü bu təşəbbüsə qoşuldu.
Başqan müavini Fərəc Kərimli 44 günlük müharibənin son gününədək könüllü zabit kimi döyüş əməliyyatlarında iştirak etdi.
Laçın dəhlizini tutan, Şuşanı işğaldan azad edən zabitlərimizdən biri oldu.
Daha bir könüllü zabitimiz Teymur Abbasov Füzuli istiqamətində gedən döyüşlərdə şəhid oldu.
Müsavat Partiyası üzvləri və onların övladları sırasında çox sayda qazilərimiz və şəhidlərimiz var…
Müharibə dövründə Müsavat Partiyasının başqanı olaraq Ədalət Vəliyev və Prezident Aparatının digər vəzifəli şəxsləri ilə görüşdüm. Müharibə məsələləri ilə əlaqədar təkliflərimizi təqdim etdim.
Yaddaşı qısa olmayanlar bəzi təkliflərimizin qəbul edilərək tədbiq olunmasını qələbəyə töhvəmiz kimi minnətdarlıqla xatırlayır.
Bütün ölkə boyu şəhidlərimizin dəfn mərasimlərində iştirak etdik.
Şəhid ailələlərinə, orduya yardım kampaniyalarının fəal iştirakçısı olduq.
Əminliklə deyirəm ki, beynəlxalq miqyasda müharibənin mahiyyətinin təhrif edilməsi kampaniyalarına qarşı duran, Qarabağ həqiqətlətinin çatdırılması və təbliğində şəriksiz lider təşkilat Müsavat Partiyasıdır.
Bircə onu xatırlatmaq kifayətdir ki, müharibə dövründə bir çox beynəlxalq mətbuat orqanları və qurumlar erməni təbliğatına qarşı alternativ fikir olaraq məhz Müsavat Partiyasının mövqeyinə istinad edirdi.
Qələbə gününün üçtərəfli sazişin imzalandığı 10 noyabra deyil, Şuşanın işğaldan azad edildiyi 8 Noyabr tarixinə təyin olunması təklifini də ilk olaraq biz irəli sürdük.
Sonradan qazanılan qələbədə təkliflərimizin və müharibə dövründəki fəaliyyətimizin də rolu olduğunu bizə bildirən, qələbə bayramı münasibətilə bizi xüsusi təbrik edən hakimiyyətin yandaş mətbuatında həmin dövrə aid davranışlarımızın tam əksini iddia etməsi yeni, yanlış siyasi konyukturanın göstəricisidir.
Sülhməramlı Qüvvələr adı altında Qarabağda yerləşən rus silahlı qüvvələrinin milli mənafelərimizə zidd olan fəaliyyətinə qarşı çıxdıq, təqib və həbslərə baxmayaraq bu qüvvələrin qanunsuz əməllərinə etiraz olaraq Rusiya səfirliyi qarşısında iki dəfə aksiya keçirməyə cəhd etdik.
Müharibənin ildönümündə rus silahlı qüvvələrinin ərazimizdən çıxarılması, bütün Qarabağ ərazisində suverenliyimizin təminatı üçün gərəkən addımların atılmasının zəruriliyi barədə “27 Sentyabr bəyannaməsi”ni qəbul etdik.
Qarabağda, Şərqi Zəngəzurda bərpa və məskunlaşma məsələlərini ən çox diqqət mərkəzində saxlamağa çalışan da Müsavat Partiyasıdır…
Ərazilərimizin işğal altında olduğu bütün dövrlərdə “No war” ritorikasından uzaq olduq. Ərazilərimizin hökmən azad ediləcəyi, bunun sülh yoxsa müharibə yolu ilə həll ediləcəyi seçiminin isə bizə yox, Ermənistana aid seçim olduğu məsələyə münasibətimizin konseptual əsasını təşkil edirdi.
Heç vaxt, heç bir beynəlxalq qurumdan, təşkilatdan, xarici dövlətdən nə birbaşa, nə də üzvlərimiz vasitəsilə qrant və ya hər hansı maliyyə dəstəyi almamışıq.
Ramiz Mehdiyevlə və ya dövlət rəhbərliyini təmsil edən yüksək vəzifəli digər şəxslərlə qeyri-leqal, separat əlaqələrimiz olmayıb.
APA-nın bu barədə yazdıqları nəinki həqiqət deyil, əksinə Müsavat Partiyasının fəaliyyətinin tam tərsini təsvir edən qərəzli iddiadır.
Bu saytda anonim müəllifin yazdıqlarının əksinə olaraq Qarabağ konfliktinin bütün dövrlərində xalqın səfərbər olunması, ordunun döyüşçülərlə, siyasi-diplomatik dəstəklə təmin edilməsi, konfliktin əsil mahiyyətinin beynəlxalq birliyə çatdırılması sahəsində, şəhid ailələrinə, qazilərimizə münasibətdə elə həmin saytın təbirincə desək AXC-Müsavata nəinki bərabər olan, hətta bunu iddia edəcək başqa bir partiya, təşkilat yoxdur.
P. S. Şərhlərdə burada qeyd olunan açıqlamalarımızdan seçmələri təqdim edirəm.
Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

