Müsavat Divanının gündəliyi
Bu gün — 17 noyabrda Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda Partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı qərarların icrası və görülən işlər barədə məlumat verib.
8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Müsavat Partiyası rəhbərliyinin və fəallarının Şəhidlərimizin müqəddəs məzarlarını ziyarət etməsi dəyərləndirilib. Ziyarətdə şəhid ailələri və qazilərlə görüşlər keçirilib, onların mövcud problemləri dinlənilib. Divan şəhid ailələrinin və vətən müharibəsi iştirakçılarının ciddi problemlərinin həlli zərurətini hakimiyyətə bir daha xatırladıb.
Qələbə Günü münasibətilə keçirilən hərbi paradın önəmi və müsbət cəhətləri qeyd edilməklə yanaşı ön cərgədə Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin olmaması vurğulanıb.
Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun Ali Məhkəmədə keçirilən məhkəmə prosesində rəhbərlikdən Gülağa Aslanlı, Razim Əmiraslanlı, Mirbaba Babayev və partiya üzvlərinin iştirakı qeyd olunub. Tofiq Yaqublunun məhkəməsinin müxtəlif bəhanələrlə 19 dekabr tarixinə təxirə salındığı bildirilib. Proseslə bağlı təqdim olunan məlumatda günahsız insanın sırf siyasi motivlərlə həbsdə saxlanılması ciddi qanun pozuntusu kimi qiymətləndirilib.
Daha iki AXCP üzvünün qondarma ittihamlarla həbs olunduğu qeyd olunub – son həbslər ətrafında geniş müzakirə aparılıb.
Divanda Müsavat Partiyasının şərlənərək həbs edilmiş üzvlərinin, eləcə də bütün siyasi məhbusların azad olunmasını tələb edib. Həbslərin hakimiyyətin repressiya siyasətinin davamı olduğu vurğulanıb.
İclasda ölkədə və dünyada baş verən siyasi vəziyyət geniş müzakirə olunub.
14 oktyabrda dövlət çevrilişinə cəhd ittihamı ilə gündəmə gətirilən Ramiz Mehdiyev işi müzakirə olunub. Qeyd edilib ki, hadisədən artıq bir aydan çox vaxt keçməsinə baxmayaraq, hakimiyyətin bu məsələyə dair heç bir rəsmi açıqlama təqdim etməməsi ciddi suallar doğurur və müəmmalı vəziyyət yaradır.
Bu cür dövlət əhəmiyyətli, ölkənin sabitliyi ilə birbaşa bağlı məsələ üzrə hökumətin susqunluq nümayiş etdirməsi yolverilməz hesab edilib.
Divan hakimiyyətdən təcili və dolğun izahat verilməsini, cəmiyyətin məlumatlandırılmasını tələb edib.
Divan Rusiyanın Azərbaycanın Kiyevdəki səfirliyinə, konsulluğuna və ölkəmizə bağlı digər obyektlərə raket zərbələri endirməsini kəskin şəkildə pisləyib. Bildirilib ki, hərbi təcavüz aktı kimi qiymətləndirilən bu hücum təkcə Azərbaycan Respublikasına, Ukraynaya qarşı yox, həm də beynəlxalq hüquqa, diplomatik toxunulmazlığa və bölgədəki təhlükəsizliyə açıq təcavüzdür.
Divan 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sonda cari məsələlər müzakirə olunub

