Cəmil Həsənli “Ramiz Mehdiyev işi” ilə bağlı DTX-da dindirildi
Milli Şuranın sədri Cəmil Həsənli DTX-da dindirilib. Bu barədə o, sosial şəbəkədə məlumat paylaşıb.
Məlumatda deyilir:
“Narahat olan dostlara təşəkkürlər!
DTX-ya çağırmışdılar. Bəzi sulları vardı, verdilər və biz də onları maraqlandıran məsələyə aydınlıq gətirdik.
Lakin əvvəlcə bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bəzi avara-avara adamlar və onlar kimi adamlar mən DTX-da olanda yazıblar ki, guya mən ölkədən qaçırmışam, məni tutub saxlayıblar. Biz 23 gün əvvəl, yəni noyabr ayının 7-də Dubaya bilet almışıq. Bu gün getməli idik. Evdən gedəndə əşyaları elə yığmışıq ki, bu camadan gedəcək, bu camadan isə getməyəcək. Biz dağ yolları, meşə əraziləri, cəngəllik yolu ilə ölkədən qaçmaq istəməmişik ki.
Bir də bu vətən bizimdir, bu ölkə Raufların, Mirşahinlərin, Ərudların və onlar kimilərin ölkəsi deyil. Bura bizim vətənimizdir, bizim ölkəmizdir. Biz öz ölkəmizdən hara qaçırıq. Bizim göbəyimiz bu ölkəyə kəsilib və arxayın olsunlar, heç hara gedəsi deyilik. Hələ 2013-cü ilin prezident səçkiləri gedişində Səyavuşkimilər, Zahidkimilər şayiə yayırdılar ki, mən ona görə belə sərt danışıram ki, seçkidən sonra hansısa xarici ölkədən sığınacaq alım.
Bütün bunlar boş və avara söhbətlərdir. Getmişik aeroporta. Sərhəd xidməti çox nəzakətlə deyib ki, Cəmil müəllim sizin ölkədən çıxınızı məhdudlaşdırıblar. Mən də təşəkkür edib pasportumu alıb geri qayıtmışam. Ölkənin təhlükəsizlik, sərhəd, gömrük, polis xidməti olan bir yerdən necə qaçmaq olar.
DTX-da mənim Ramiz Mehdiyevin işi ilə bağlı dindirib ifadə aldılar. Mən də izah etdim ki, bu ölkədə Ramiz Mehdiyev vəzifədə olanda onun əleyhinə məndən çox yazan olmayıb.
Daha sonra Ziyalılar Forumu, Milli Şura, Rusiyada milyarderlər ittifaqı, 2013-cü ilin prezident seçkiləri, prezident seçkilərinə namizəd göstərilməyim və sair məsələlərlə bağlı maraqlandılar. Mən də müvafiq qaydada cavablar verdim, dəqiqləşmələr apardım. Tez-tez Ziyalı Forumu və Milli Şuranın haradan maliyələşməsi ilə maraqlanırdılar. Mən də bildirdim ki, maliyyə olub ki, haradan maliyyələşmə də olsun. 3 saat yarım belə mənasız məsələlər ətrafında söhbətimiz oldu”.
***
Cəmil Həsənli DTX-ya dəvət edildi
Milli Şuranın sədri Cəmil Həsənli noyabrın 30-da həyat yoldaşı ilə birlikdə Dubaya getmək istəyib, lakin ölkədən buraxıılmayıb. Bu haqda o, sosial şəbəkədə məlumat paylaşıb.
“Artıq məni şahid qismində DTX-ya dəvət ediblər. Evimizdə axtarış aparılacağı istisna edilmir: Evimizdə heç bir şübhəli sənəd yoxdur. Hamısı öz yazı-pozularımdı”, – siyasətçi bildirib. O, evindən çıxacaq hansısa şübhəli sənəd və vəsaiti “saxta” adlandırıb.
AXCP sədrinin, bir neçə üzvünün saxlanması, onların nədə ittiham olunması barədə hələlik, rəsmi informasiya verilməyib.

