Müsavat Əli Kərimlinin azadlığa buraxılmasını tələb edir
Dekabrın 1-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə iclasda əvvəlcə görülən işlər müzakirə olunub.
ATƏT-in Minsk Qrupunun buraxılması və qurumun Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul etdiyi sənədlərin qüvvədən düşməsinin elan olunması beynəlxalq hüquqa və Azərbaycanın maraqlarına cavab verən əlamətdar tarixi hadisə kimi qiymətləndirilib.
Daha sonra ölkədəki ictimai-siyasi proseslər müzakirə edilib.
Noyabrın 29-da AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahim Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıblar, dekabrın 1-də onlara qarşı CM-nin 278.1-ci maddəsi ilə əsassız ittiham elan olunub, barələrində həbs qətimkan tədbiri seçilib. Milli Şuranın sədri Cəmil Həsənli, AXCP-nin bir neçə fəalı eyni iş üzrə dindiriliblər. MŞ-nin üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılaraq polisə aparılıb.
Müsavat Partiyası siyasi fəaliyyətin məhdudlaşdırıldığı və insan haqlarının tapdalandığı indiki şəraitdə bu əməliyyatı siyasi repressiyaların davamı kimi qiymətləndirir. Müsavat Partiyası Əli Kərimlinin, Məmməd İbrahimin və partiyanın başqa saxlanılan üzvlərinin dərhal azad olunmasını, müxalifət üzvlərinə və tərəfdarlarına qarşı siyasi sifarişli təqiblərə son qoyulmasını tələb edir.
İclasda həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılması, atəşkəs və sülh sazişi ilə bağlı gedən danışıqlar haqda fikir mübadiləsi aparılıb. Müsavat Partiyasının bu münaqişənin Ukraynanın suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi şərtiylə həllinə tərəfdar olduğu bir daha vurğulanıb.
Sonda cari məsələlər müzakirə olunub.

