İrandakı etirazlarda ölənlərin dəhşətli statistikası açıqlandı

İranda baş verən etirazlar nəticəsində azı 544 nəfər həlak olub. Bu barədə İranın insan haqları təşkilatı HRANA məlumat yayıb.

Məlumata görə, ölənlər arasında 483 etirazçı, 47 hərbçi və ya hüquq-mühafizə orqanı əməkdaşı, 1 məmur, 8 azyaşlı, həmçinin aksiyalarda iştirak etməyən 5 mülki şəxs var. HRANA bildirir ki, daha 579 nəfərin ölümü ilə bağlı məlumatlara malikdir, lakin bu məlumatlar hələ təsdiqlənməlidir.

Təşkilatın son məlumatına əsasən, etiraz aksiyaları İranın 31 vilayətinin hamısında, 186 şəhərdə, ümumilikdə 585 məkanda qeydə alınıb. Saxlanılanların sayı isə 10 mini keçib.

İranda etirazlar dekabrın sonundan davam edir. Bu həftə aksiyalar, sürgündə yaşayan və İranın sonuncu şahının oğlu olan Rza Pəhləvinin etirazlara qoşulmağa çağırışından sonra daha da güclənib.

İranda internet kəsilib. NetBlocks layihəsinin məlumatına görə, 9 yanvardan etibarən İranın xarici aləmlə əlaqə səviyyəsi adi göstəricinin cəmi 1 faizi həddindədir. HRANA vurğulayır ki, internetin kəsilməsi “məlumatların toplanmasını və müstəqil şəkildə yoxlanmasını ciddi şəkildə çətinləşdirir”.