Güney Azərbaycandakı soydaşlarımızın azadlıq mübarizəsinə Müsavatdan dəstək bəyanatı

Yanvarın 12-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər müzakirə olunub. Daha sonra həbsdə olan Müsavat Partiyası üzvləri ilə bağlı son durum barədə məlumat dinlənilib. Qlobal və regional təhdidlər fonunda Azərbaycanda milli həmrəyliyə nail olunmasının vacibliyi bir daha vurğulanıb.

İclasda qeyd edilib ki, Ukrayna xalqının Rusiya işğalına qarşı müqaviməti 1418 gündən artıq – SSRİ ilə Almaniya arasında 1941-1945-ci illər müharibəsindən daha uzun müddətdir davam edir. Lakin Putin rejimi Ukrayna ilə bağlı strateji hədəflərindən heç birinə nail ola bilməyib.

Toplantıda İranda baş verən hadisələr haqda ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra İrandakı etirazlar və Güney Azərbaycandakı soydaşlarımızın azadlıq və ədalət uğrunda mübarizəsinə dəstək ifadə edən bəyanat qəbul olunub.

Bəyanatda deyilir:

“İki həftədən artıqdır ki, İranın müxtəlif şəhərlərində hakimiyyətə qarşı indiyədək misli görünməmiş etirazlar davam edir. Tehran rejimi xalqın haqlı tələblərini dinləmək və mövcud problemlərin həlli üçün dialoq yolu seçmək əvəzinə, etirazları zorakılıq və repressiyalarla boğmağa çalışır. Nəticədə yüzlərlə insan həlak olmuş və yaralanmış, minlərlə vətəndaş həbs edilmişdir.

İranın bir sıra əyalətlərində vəziyyət faktiki olaraq idarəolunmaz hala gəlib. Yaranmış böhran fonunda kənar qüvvələr proseslərdən istifadə edərək ölkədə monarxiya rejiminin bərpasına yönəlmiş planları gündəmə gətirməyə çalışırlar. Halbuki teokratik rejimin devrilməsi yeni bir irqçi və ya avtoritar diktaturanın qurulmasına deyil, ölkədə yaşayan xalqların öz müqəddəratlarını azad şəkildə müəyyən etməsinə və dinc yanaşı yaşamasına yol açmalıdır.

Müsavat Partiyası İranda insanların öz hüquq və azadlıqları uğrunda apardığı mübarizəni dəstəkləyir, hakimiyyəti zorakılıq və repressiyalara dərhal son qoymağa çağırır.

Müsavat Partiyası eyni zamanda İranda yaşayan soydaşlarımızın azadlıq, ədalət və milli özünüidarəetmə uğrunda mübarizəsini dəstəkləyir. Güney Azərbaycanın gələcək taleyinin müəyyən oluna biləcəyi bu həssas mərhələdə bütün soydaşlarımızı fəal mövqe tutmağa, ictimai-siyasi təşkilatları strateji qərarlar qəbul edilərkən məsuliyyətli davranmağa çağırır. Müsavat Partiyası rəsmi Bakını isə güneyli soydaşlarımızın hüquq və təhlükəsizliyinin müdafiəsi üçün təsirli və prinsipial addımlar atmağa səsləyir”.