Müsavat Divanın gündəliyi
Yanvarın 19-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda əvvəlcə görülən işlər və keçirilən tədbirlər barədə məlumat dinlənilib. Məclisin Analitik Mərkəzinin təşəbbüsü ilə “İranda etirazlar və Güney Azərbaycanda milli hərəkat” mövzusunda keçirilən tədbir müsbət qiymətləndirilib.
Partiyanın rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Fəaliyyət Planı qəbul edilib.
Divan üzvü Mirbaba Babayev Toplum TV işi üzrə keçirilən məhkəmə prosesi haqda məlumat verib. O bildirib ki, məhkəmə iş üzrə təqsirləndirilən şəxslərin və onların vəkillərinin qaldırdıqları bütün vəsatətləri rədd edir.
İclasda qeyd edilib ki, Azərbaycan xalqına qarşı cinayətlərə görə məhkum edilmiş Vaqif Xaçaturyan və digər üç erməni məhbusun Ermənistana təhvil verilməsi cəmiyyətdə etirazla qarşılanıb. Müsavat Partiyası bunu humanizm kimi təqdim edən hakimiyyətə xatırladır ki, günahsız olaraq həbs olunan ictimai-siyasi fəalları və jurnalistləri azad etmək də humanizmə tam uyğun olar.
İranda teokratik rejimin etirazçılara qarşı qəddarlığı pislənilib. Qeyd edilib ki, öz haqları uğrunda mübarizə aparan minlərlə insanın öldürülməsi, on minlərlə etirazçının isə həbs olunması haqda məlumatlar çox ciddi narahatlıq doğurur. Belə bir vəziyyətdə Güney Azərbaycanda milli hüquqlar uğrunda mübarizə aparan fəalların və ictimai siyasi təşkilatların səylərinin koordinasiya edilməsinin zəruri olduğu vurğulanıb.
Dünyada gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, ABŞ prezidentinin Danimarkaya qarşı ərazi iddiaları beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Avropa ilə Amerika arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Qrenlandiya böhranı sülhə və beynəlxalq təhlükəsizliyə təhdid kimi qiymətləndirilib. Avropa Birliyinin bu məsələdəki prinsipial və təmkinli mövqeyi sayəsində məsələnin beynəlxalq hüquq müstəvisində həllinə ümid ifadə edilib.
Sonda cari məsələlər müzakirə edilib.

