Geosiyasi gərginliyin qanunauyğunluqları
Fizika qanunları dövlətlərin taleyini diktə edirmi?
Sistemin gərginlik fərqləri artdıqda nə baş verir?
SES Modeli: Hakim elitalar “baş mühəndis” kimi resursları necə idarə etməlidir?
Oxuduğunuz məqalənin mövzusu olan bu sualların cavabı sadəcə siyasi təbliğat və “mənəmlik” deyil, dinamik sistemlərin fundamental qanunlarındadır. Bunlar siyasi “qravitasiyanı” və dövlətlərin inkişaf trayektoriyasını müəyyən edən fiziki metodologiyadır.
Geosiyasətin Termodinamikası: Qlobal Düzən və Dinamik Sistemlər
Qlobal düzən
Dünya düzəninin indiki mənzərəsi güclü dövlətlərin (elitaların) həm öz aralarında, həm də zəif dövlətlərlə fərqli geosiyasi hüquq normaları əsasında davranmasının təzahürüdür. Beynəlxalq hüquq normalarının qüvvəsini itirməsinin əsas səbəblərindən biri, bu ikili standartlardır. Böyük kütləli (iqtisadi və hərbi cəhətdən dominant) dövlətlər kiçik dövlətləri öz “cazibə sahələrinə” çəkirlər. Termodinamikada enerji bir nöqtədə həddindən artıq toplanarsa və sistemin qalan hissəsi ilə mübadilə zəifləyərsə, daxili gərginlik artır. Regionda güc (enerji) qeyri-mütənasib paylanarsa, bu, geosiyasi sabitliyi pozur. Beynəlxalq münasibətlərin simmetriyasının pozulması ilə qlobal “qravitasiya” sahəsi dəyişir, kiçik dövlətlər böyük güclərin təsir dairəsinə düşür və nəticədə münaqişə ocaqları yaranır.
Müharibələrin maliyyələşdirilməsi və süni “düşmən obrazlarının” yaradılması istənilən tərəfin resurslarının səmərəsiz tükənməsinə yol açır. Maddi resurslar məhsuldar sektorlardan (əhatəli təhsil, səhiyyə) yayındırılır. Avtoritar rejimlərin yaratdığı hərbi əməliyyatlar, siyasi repressiyalar və iqtisadi durğunluq, birbaşa kütləvi miqrasiyaya və dezintriqasiyalara səbəb olur. Demokratik ölkələr hər il bu miqrasiyanın köklü səbəblərini (münaqişə və repressiyalar) deyil, yalnız nəticələrini aradan qaldırmaq üçün milyardlarla avro xərcləyirlər. Xərclərin mənfəət-zərəri olmamış deyil, lakin bu başqa mövzudur.
Prinsipcə, geosiyasi gərginliyi fizika qanunauyğunluqları və sistemli yanaşma ilə idarə edə bilməyən liderlər, dinamik tarazlığı itirərək öz xalqlarını entropiyanın (tənəzzülün) qaranlığına, qeyri-müəyyənliyə sürükləyirlər. Məhz fizika metodologiyası bəzi ölkələrin resurs azlığına rəğmən niyə inkişaf etdiyini, nəhəng resurslara malik digərlərinin isə niyə durğunluq içində olduğunu izah edir. Beləki, hakim elitaların vətəndaşlardan təcrid olunmuş etik davranışı cəmiyyətdəki “keçiriciliyi” (sosial mobilliyi) azaldır. Elita və kütlə arasındakı sosial gərginlik fərqi artdıqca, sistemdə sosial “qısaqapanma” – inqilablar və böhranlar qaçılmaz olur.
Dövlət-cəmiyyət modelləri normativlərə (prescriptive) əsaslanır, onlar cəmiyyətin necə olmalı və hansı dəyərlərə sahiblənməli olduğunu (ədalət, bərabərlik, inklüzivlik-əhatəlik) müəyyən edir. Fizika qanunları isə təsvir edicidir (descriptive), onlar kainatın və təbiətin necə olduğunu izah edir. İnsan şüuru fiziki qanunların dəyişməzliyini (invariantlıq) dəyişə bilmir, lakin onları öz xeyrinə yönləndirməyi bacara bilir. Fizika qanunları qaçılmazdır (məsələn, cazibə qüvvəsindən qaçmaq olmaz), lakin siyasi “qravitasiya”, dərk edilmiş siyasi iradə, qanunlar və etik normaların məqsədli müqaviməti ilə dəyişdirilə bilir.
Dinamik sistem
Geosiyasi dinamikanı anlamaq və daxili modelin dayanıqlığını təmin etmək üçün cəmiyyəti bir sistem olaraq Su Elektrik Stansiyası (SES) kimi təsəvvür etmək olar. Gur axan çayın sel, daşqın, dağıntı yaratma ehtimalının qarşısını almaq və hərəkət (kenetik) enerjisini faydalı elektrik enerjisinə çevirmək üçün “süni” şəkildə inşa edilən bənd (damba), suyun səviyyəsini qaldıranda potensial enerji ehtiyatı (su anbarı) yaradır. Hündürdə yığılan su, anbardan (potensial enerji) aşağı axdıqda sürət artır daha böyük kinetik enerjiyə çevrilir və turbinləri fırladaraq faydalı elektrik enerjisi istehsal edərək insanların istifadəsi üçün şəbəkələrə ötürür. Suyun hündürlük səviyyəsi nə qədər yüksəkdirsə, onun malik olduğu potensial enerji bir o qədər çox olur və bir o qədərdə sürət artır. Cismin həm kütləsi, həm də sürəti nə qədər çox olarsa, onun hərəkət (kenetik) enerjisi bir o qədər yüksək olar və dolayısı ilə işgörmə qabiliyyəti artır (Faydalı İş Əmsalı). Təbiki sistemi idarə edən və tənzimləyən baş mühəndis və pultların arxasında oturan operatorlardır.
Burada toplanan su kütləsi cəmiyyətin potensial enerjisini (insan kapitalı, təhsil, sağlamlıq, innovasiyalar) və sosial gözləntilərini (sosial rifah və təhlükəsizlik), bənd isə dövlət institutlarını və hüquqi çərçivəni təmsil edir. Bu sistemdə hakim (siyasi və maliyyə) elitaları ‘baş mühəndis’ rolunda çıxış edirlər. Onların əsas vəzifəsi enerjinin (sosial narazılığın və ya potensialın) səviyyəsini düzgün tənzimləmək və onu “turbinlər” (iqtisadi və sosial liftlər) vasitəsilə faydalı işə – yəni rifah və tərəqqiyə çevirməkdir.
Lakin, ikili standartlar onların əlindəki maliyyə rıçaqlarını, xüsusilə Tomas Pikettinin r > g (kapitalın gəlirliliyi > iqtisadi artımı üstələməsi) tənliyi ilə ifadə olunan proses, sistemdəki enerjinin (sərvətin) qeyri-bərabər paylanmasına səbəb olur. Beləki, kapitalın artımı ümumi iqtisadi artımdan sürətlidirsə, enerji (sərvət) “anbarın” yuxarı qatlarında toplanır və ya başqa dövlətlərin rezervuarlarına axırsa, su aşağı ötürülmür və yerli turbinləri fırlatmaq üçün təzyiq yaranmır. “Mühəndislər” maliyyə kanallarını cəmiyyətin məhsuldar turbinlərinə yönəltmək əvəzinə öz daxillərində (qapalı dairədə) dövr etdirəndə , sistemin “keçiriciliyi” sıfıra enir. Bu, bəndin (institusional dayaqların) üzərinə düşən statik yükü “istiliyə” (münaqişələrə və itkilərə) çevrilir və qaçılmaz olaraq sistemin uçulmasına (entropiyaya) zəmin yaradır.
_*“Baş mühəndisin” məsuliyyəti.*_
Əgər ‘baş mühəndis’ sistemi effektiv idarə edə bilmirsə, yəni sosial mobillik kanallarını (keçiriciliyi) qapadıbsa, toplanan enerji turbinləri fırlada bilmir. Bu halda enerji faydalı işə çevrilmək əvəzinə, bəndin (institutların) üzərinə dağıdıcı təzyiq göstərməyə başlayır. Nəticədə gərginlik fərqi kritik həddi aşır və sistem idarəolunmaz “daşqınlara” və ya bəndin tamamilə uçulmasına (sosial gərginlikləri partlayışlara) məruz qalır. Beləliklə, dövlətin dayanıqlığı elitaların bu dinamik enerji balansını qoruya bilmək və entropiyanın qarşısını almaq üçün sistemin ‘keçiriciliyini’ təmin etmək bacarığından asılıdır.
İnsan təbiətin bioloji bir növü olduğu üçün cəmiyyətdə təbiətin biosferin bir hissəsidir. Deməli, biz hardasa fizika, kimya və biologiyanın fundamental qanunlarına tabeyik. Lakin sosial elmləri fiziki qanunlardan fərqləndirən əsas amil şüurlu seçimdir. Fizikadan fərqli olaraq, cəmiyyətdə hadisələrin mənası insanların onlara verdiyi subyektiv dəyərlərdən asılıdır. Pulun dəyəri fiziki xassələri ilə yox, kollektiv şəkildə insanların ona verdiyi inamla müəyyən olunur. Fizika nüvə reaktorunu necə tikməyi öyrədir, amma ondan dinc, yoxsa hərbi məqsədlə istifadə olunacağını diktə etmir, insanın etik seçiminə buraxır.
Geosiyasi gərginliyi bu fundamental qanunauyğunluqlarla idarə edə bilməyən liderlər, sistemin tarazlığını itirərək öz xalqlarını tənəzzülün qaranlığına sürükləyirlər. Qlobal böhran dövrlərində bunların həlli siyasi şüarlarda və ya vətənpərvərlik çağırışlarında deyil, dinamik sistemlərin qanunlarındadır. Dayanıqlı daxili modeli olmayan və sərvətin (enerjinin) axınını cəmiyyətin xeyrinə tənzimləyə bilməyən dövlətlər tənəzzül trayektoriyasına məhkumdurlar. Səbəbləri müəyyən məkan və zaman kəsiyində cəmiyyətin enerjisinin hansı qüvvənin təsiri altında dəyişdiyini təsvir edən fundamental qanunlardadır.
SES-in ən böyük üstünlüyü suyun təbiətdə dövr etməsi və tükənməməsidir (yağış-çay-anbar). Yəni, inklyuziv inkişafda bərpa olunan prosesdir. Əldə olunan “elektrik” (rifah) yenidən fərdlərə (insan kapitalı, təhsil, sağlamlıq, innovasiyalara) yatırılması qapalı dairə əvəzinə gələcək üçün cəmiyyətin daha böyük enerji istehsal edən əhatəli (inklyuziv) inkişaf dairəsi yaratmaq imkanını üzə çıxarır.
Fərman Quliyev,
Müsavat Partiyası Məclisinin İqtisadiyyat Komissiyasını sədri.

