Avropa müstəqil güc mərkəzinə çevrilir
Kamran Cəfərov
Avropa İttifaqı ilə Hindistan arasında baş verənlər sadəcə diplomatik hadisə və ya növbəti ticarət sazişi deyil. Bu, Kanadanın baş nazirinin Davosda açıq şəkildə etiraf etdiyi “transatlantik birliyin dağılması”nın birbaşa nəticəsidir. ABŞ sabitliyin və mövcud dünya nizamının əsas qarantı olmaqdan imtina etdikcə, digər güc mərkəzləri məcburən müstəqil qərar verməyi öyrənir və öz təhlükəsizlik, iqtisadiyyat və xarici siyasət arxitekturasını qurur.
Nyu-Dehlidə Aİ ilə Hindistan arasında Təhlükəsizlik və Müdafiə Paktının, eləcə də tarixdə ən böyük azad ticarət sazişinin imzalanması məhz bu prosesin tərkib hissəsidir.
Avropa mallarının 96%-ə gömrük rüsumların ləğvi və ya azaldılması, Hindistandan idxal olunan malların 99.5%-nə gömrük rüsumlarının azaldılması, avtomobil və şərab sektorları üçün xüsusi ticarət güzəştləri, xidmət bazarına çıxış və s. məsələlər razılaşdırılıb.
Aİ həm ABŞ-dan, həm də Çindən strateji məsafə yaradır. Hindistan isə dünyanın ən böyük ödəmə qabiliyyətli olan bazarlar siyahısına daxil olur.
Tramp dövründə ABŞ-ın müttəfiqlərini özündən uzaqlaşdırması Ottavanı və Brüsseli Hind-Sakit okean regionu ilə birbaşa əlaqələr qurmağa vadar edir.
Nəticədə Aİ-nin kapital və texnologiyaları, Hindistanın demoqrafiyası və istehsal gücü, Kanadanın resursları, maliyyəsi və siyasi sabitliyi üzərində dayanan nəhəng, qlobal və ödəmə qabiliyyətli bir bazar formalaşır, tək bir mərkəzdən asılı olmayan, sanksiyalar və tariflərlə şantaj edilə bilməyən.
Tramp Qərbin birliyini dağıdarkən, Putin resursları müharibə və izolyasiyada yandırarkən, Si isə idarə olunan avtoritar sistemin içinə qapanarkən, dünya sadəcə yoluna davam edir: onlarsız, icazəsiz və pafossuz.

