CNN: Tramp İrana qarşı yeni iri zərbə hazırlayır
ABŞ İrana qarşı yeni, güclü hərbi zərbə endirmək imkanını nəzərdən keçirir. Hücumun hədəfləri İran rəhbərliyi, dövlət strukturları və nüvə obyektləri ola bilər.
ABŞ prezidenti Donald Tramp, İranın nüvə proqramının və ballistik raket istehsalının məhdudlaşdırılması ilə bağlı Vaşinqton və Tehran arasında aparılan ilkin təmasların nəticə verməməsindən sonra, İrana qarşı yeni iri miqyaslı zərbə endirilməsi ehtimalını nəzərdən keçirir. Bu barədə çərşənbə günü, 28 yanvar tarixində CNN özəl mənbələrə istinadən məlumat yayıb.
Çərşənbə günü Tramp Truth Social sosial şəbəkəsində paylaşım edərək, İrandan “nüvə silahı olmayan, ədalətli və dürüst razılaşma” üçün danışıqlar masasına qayıtmağı tələb edib. O xəbərdarlıq edib ki, ABŞ-ın İrana növbəti zərbəsi 2025-ci ilin yayında ABŞ hərbçilərinin İranın üç nüvə obyektinə endirdiyi əməliyyatdan “qat-qat daha ağır” olacaq.
Mənbələrin sözlərinə görə, nəzərdən keçirilən variantlar arasında ABŞ aviasiyasının İran rəhbərliyinə və Vaşinqtonun kütləvi etirazlar zamanı yüzlərlə nümayişçinin ölümündə məsul saydığı güc strukturlarına zərbələr endirməsi, eləcə də İranın nüvə obyektləri və dövlət müəssisələrinin vurulması var. Hələlik yekun qərar qəbul edilməyib.
İsrailin 11-ci kanalı xəbər verir ki, İsraildə ABŞ-ın İrana qarşı hücumuna hazırlıq gedir və burada Trampın ayətullahlar rejiminin devrilməsi ilə bağlı qəti qərar verdiyinə inanırlar.
Siyasi ekspert Kamran Cəfərov bildirib ki, ABŞ İran sahillərinə 6-cı esminesi göndərib və rejim dəyişikliyi məqsədilə hökumət binalarını məhv etməyi planlaşdırır.
ABŞ İran sahilləri yaxınlığında hərbi mövcudluğunu ciddi şəkildə artırıb. Röyters agentliyinə ABŞ hökumətindəki mənbənin bildirdiyinə görə, son 48 saat ərzində regiona ABŞ Hərbi Dəniz Qüvvələrinin artıq 6-cı esminesi – USS Delbert D. Black daxil olub.
Ümumilikdə regionda təxminən 50 min amerikalı hərbçi yerləşdirilib – bu, 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə edilən hücumdan əvvəlkindən iki dəfə çoxdur.

