Müsavat Divanının gündəliyi
Fevralın 9-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və keçirilən tədbirlər barədə məlumat dinlənilib.
Divan üzvü Mirbaba Babayev Toplum TV işi üzrə keçirilən məhkəmə prosesi haqda məlumat verib. Divan üzvü Yusif Mehdi Biləsuvarda qanunsuz olaraq həbs olunmuş Müsavat fəallarının durumu barədə məlumat verib.
Siyasi motivlərlə qanunsuz olaraq həbs edilən AXCP sədri Əli Kərimlinin hüquqlarının müdafiəsi ilə bağlı həmin partiya ilə aparılan konsultasiya ilə bağlı məlumat verilib. Bildirilib ki, müvafiq ictimai müdafiə komitəsinin təsis tədbirində və fəaliyyətində Müsavat Partiyasını partiyanın insan hüquqları komissiyasının sədri Dadaş Əhmədli təmsil edir. Qeyd edilib ki, Müsavat Partiyası ölkədəki bütün siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı səylərini bundan sonra da davam etdirəcək.
ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana gözlənilən səfəri müzakirə edilib. 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ-Azərbaycan-Ermənistan sammitində iki ölkə arasında birgə bəyanatın imzalanması ilə başlanan proses nəticəsində
sülh müqaviləsinin layihəsi paraflanıb,
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması sürətlənib, Zəngəzur dəhlizi yeni ad altında aktuallaşlb, ATƏT-in Minsk Qrupu ləğv edilib və Azərbaycana qarşı əsassız məhdudiyyətləri nəzərdə tutan 907-ci düzəlişin birdəfəlik ləğvi üçün şərait yaranıb. Eyni zamanda Rusiyanın Cənubi Qafqaz proseslərinə müdaxilə imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.Həmçinin qeyd edilib ki, son dövrlərdə ABŞ-Azərbaycan münasibətlərinin istiləşməsi Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində addımlar atılacağına, siyasi məhbusların azad ediləcəyinə və ölkədə demokratik islahatların başlanmasına təkan verəcəyinə ümidlər yaradıb.
Dünyada və regionda gedən proseslər, o cümlədən ABŞ ilə İran arasında aparılan danışıqlar və Ukrayna cəbhəsində son durum ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə edilib.

