Müsavatı hədəf alanlara Arif Hacılıdan cavab

 

ABŞ, İsrail–İran müharibəsinin ilk günündən etibarən regionda sülh tərəfdarı olduğumuzu, bütün münaqişələrin güc tətbiqi ilə deyil, danışıqlar yolu və diplomatik üsullarla həllinin tərəfdarı olduğumuzu bildirmişik.

Azərbaycanın İranda yaşayan 30 milyondan çox soydaşımızın taleyinə biganə qalmamasının vacibliyini vurğulamaqla yanaşı, Azərbaycan və Türkiyə hakimiyyətlərini hadisələrin istənilən inkişaf ssenarisinə hazır olmağa çağırmışıq.

Eyni zamanda, İranda bir diktatura rejiminin başqa bir diktatura rejimi ilə əvəzlənməsi planlarına qarşı çıxmışıq.

ABŞ və İsrail tərəfindən mülki infrastrukturun dağıdılmasına, xüsusilə mülki əhali və uşaq ölümlərinə səbəb olan hərbi zərbələrin endirilməsini birmənalı olaraq pisləmişik və pisləyirik.

Biz qonşuluğumuzda xalqların azad olduğu, sivil, demokratik və hüquqi dövlətin olmasını istəyirik.

Bu mövqeyimiz İranda müharibə tərəfdarlarını və nəyin bahasına olursa-olsun, xalqın tökülən qanları bahasına belə hakimiyyətini qoruyub saxlamağa çalışan qüvvələrin maraqlarına zidd ola bilər.

Bəs Azərbaycanda olan iranpərəst qüvvələri narahat edən nədir?
Nədən Müsavat Partiyası hədəfdədir?

Əvvəllər də demişik və yenə təkrar edirik: biz bu qarşıdurmada nə ABŞ-ın, nə İsrailin, nə də İranın tərəfindəyik.

Biz bütün dövrlərdə olduğu kimi, bu məsələyə də Azərbaycanın milli maraqları və qəbul etdiyimiz bəşəri dəyərlər baxımından yanaşırıq.

Yazı Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.