Tofiq Yaqublu aclığı dayandırdı
Nigar Həzi
Bu gün Tofiq Yaqublu aclığının 26-cı günündə idi. Səhər heç gözləmədiyimiz anda ata evə zəng etdi. Bu, bizə yenidən ona aclığı dayandırmasını istəməyimiz üçün fürsət oldu. Ataya aclığı dayandırması üçün ona xeyli dil tökdük. Həm cəmiyyətin istəyini və tələbini, həm də doğmaların, dost-tanışların ricasını çatdırdıq.
Eyni zamanda aclığının elan etdiyi məqsədinə çatdığını dedik. Cəmiyyətin, beynəlxalq ictimaiyətin, xüsusilə ABŞ Konqressinin müxtəlif səviyyələrdə Tofiq Yaqublunun müdafiəsini nəzarətə götürdüyünü diqqətinə çatdırdıq. Qeyd edim ki, ABŞ-da Tofiq Yaqublunun müdafiəsi üçün ciddi işlər görülür. Sadəcə olaraq bunu indi paylaşa bilmirəm. Müdafiə tərəfi rəsmi olaraq açıqlayanda, xəbəriniz olacaq.
Bütün bunlardan sonra Tofiq Yaqublu aclığı dayandırdığını dedi.
P.S Bu gün atayla görüşmək imkanımız oldu və ona isti yemək aparmışdıq. Ata görüşə gəlməmişdən öncə yemək yeyib gəldiyini dedi və bununla da onun aclığı dayandırdığına əmin olduq
Tofiq Yaqublu ona dəstək olan, müdafiə edən hər kəsə təşəkkürünü bildirdi və hamının Novruz bayramını təbrik etdi.
Bu gün bizim üçün əsl bayram oldu. Humay da babasının bayramını təbrik etməyə getmişdi.
Hər kəsin Novruz bayramı mübarək olsun

