Rusiya ilə Böyük Britaniya arasında buzlar əriyir?
Rusiya ilə Böyük Britaniya arasında münasibətlərin normallaşması istiqamətində diqqətçəkən diplomatik siqnallar verilib. London Moskva ilə birbaşa əlaqə kanallarının, xüsusilə hərbi səviyyədə dialoqun bərpasında maraqlı olduğunu bəyan edib. Rusiya isə bu təklifə müsbət cavab verib.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq noyabrın 10-da Financial Times qəzetinə müsahibəsində Rusiya ilə əlavə kommunikasiya kanallarının yaradılmasının vacibliyini vurğulayıb.
Nazir bildirib ki, Moskvanın Britaniyadakı səfirliyi ilə yanaşı, xüsusilə hərbi strukturlar arasında birbaşa əlaqə kanallarının olması arzuolunandır. Onun sözlərinə görə, tərəflər arasında birbaşa ünsiyyət mümkün yanlış anlaşılmaların və təhlükəli eskalasiyanın qarşısını almağa kömək edə bilər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 11-də Londonun bu mövqeyinə münasibət bildirib. O, Britaniyanın müdafiə nazirinə Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edib və Moskvanın danışığa hazır olduğunu deyib.
“Britaniyanın müdafiə nazirinə Rusiya Müdafiə Nazirliyinə müraciət etməyi əminliklə tövsiyə edə bilərəm. Onlar telefonu götürüb söhbət edəcəklər”, – Zaxarova bildirib.
Zaxarova hərbi əlaqələrin 2024-cü ildə kəsilməsinə görə Londonu günahlandırıb. Britaniya həmin vaxt Rusiya hərbi attaşesini kəşfiyyat fəaliyyəti ilə əlaqəli olduğu iddiası ilə ölkədən çıxarmışdı.
Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra London-Moskva münasibətləri kəskin şəkildə pisləşib. Böyük Britaniya Ukraynaya hərbi və siyasi dəstək verən əsas Qərb ölkələrindən biridir və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müdafiə edir.
Beləliklə, tərəflərin son açıqlamaları münasibətlərdə mümkün diplomatik təmasların bərpası baxımından əhəmiyyətlidir. Bununla belə, hələlik söhbət siyasi yaxınlaşmadan və ya münasibətlərin normallaşmasından deyil, ilk növbədə hərbi risklərin azaldılması üçün birbaşa kommunikasiya kanallarının yaradılmasından gedir.

