Çeçenistanda üç Azərbaycan vətəndaşı saxlanılıb
Ukraynadakı müharibəyə göndərilmək üçün Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları əmək miqrantlarıdır. Bu barədə onlardan birinin – Nihad Rzayevin atası Tapdıq Rzayev bildirib.
Onun sözlərinə görə, oğlu ilə yanaşı, iki yaxın qohumları – Vüqar Məhərrəmov və Elxan Şirinov da saxlanılıb.
Üçü də Çeçenistana bu ilin mayında gediblər və tikintidə malakeş işləyirdilər. Bir ay əvvəl üçü də qeydiyyatlarının olmaması bəhanəsi ilə saxlanılıblar.
Məhərrəmov və Şirinov Ukraynada müharibəyə göndərilmələri haqqında müqavləni imzalamağa məcbur ediliblər. Hazırda onlar Qroznıda “Şimali Axmat” hərbi hissəsində hazırlıq keçirlər.
Rzayevin oğlu hələlik mühacirlərin müvəqqəti saxlanma məntəqəsindədir. Orada daha iki azərbaycanlı saxlanılır.
Ata oğlunun da müqavilə imzalamağa məcbur ediləcəyindən ehtiyatlanır. Rzayev deyib ki, Azərbaycan XİN-ə və Nazirlər Kabinetinə müraciət edib, bundan sonra Rusiya tərəfinə nota göndərilib.
Rzayev deyib ki, XİN nümayəndəsi müntəzəm olaraq onunla əlaqə saxlayır və sonuncu məlumata görə, Azərbaycan vətəndaşlarının evə qaytarılması haqqında ümidverici xəbərlər var.
Qeyd edək ki, Azərbaycan XİN və RF-nin Bakıdakı Səfirliyi Bakının qeyd edilən şəxslərlə bağlı Moskvaya nota göndərməsi haqqında məlumatı şərh etmir.
Çeçenistan tərəfin bu cür qeyri-dost hərəkətləri ikitərəfli münasibətlərə kölgə salır. Çeçenistanın özündə çoxdan Rusiyanın qanunları işləmir və hər şey bu respublikanın əmrlərinə tabedir. Buna görə Ramzan Kadırovun və ya onun əhatəsinin birbaşa göstərişi olmadan heç nə həll olunmur. Bunu nəzərə alaraq, rəsmi Bakı Kadırovun özünə iddia irəli sürə bilər.
Əcnəbilərin saxlanmasına və çeçen adı altında müharibəyə göndərilməsinə gəlincə, bu, orada liderləri uğrunda can verməyə hazır olan “qəhrəmanların” sayının azaldığını göstərir.
Turan