Zelenski: Azərbaycanla dron müqaviləsi üzrə sifarişlər artırılır
Ukrayna ilə Azərbaycan arasında pilotsuz uçuş aparatlarının istehsalı və müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə müqavilələr imzalanıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Zelenski noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Azərbaycan dövlət başçısı İlham Əliyevlə keçirdiyi görüşdən sonra bildirib ki, tərəflər artıq imzalanmış müqavilələr çərçivəsində sifarişlərin həcmini artırmaq üzərində işləyirlər.
Ukrayna prezidentinin sözlərinə görə, əməkdaşlığın əsas istiqamətlərindən biri «Drone Deal» – dron sazişidir.
Zelenski qeyd edib ki, liderlər Ukraynada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin fəaliyyəti məsələsini də müzakirə ediblər. O, Rusiya hücumlarına baxmayaraq, həmin şirkətlərin Ukraynada fəaliyyətlərini davam etdirməsini yüksək qiymətləndirib.
Görüşdə Ukraynanın enerji və nəqliyyat infrastrukturunun vəziyyəti də müzakirə olunub. Zelenski qış mövsümü ərəfəsində Azərbaycanın Ukraynanın kritik infrastrukturu və logistikasına dəstək göstərməsini istəyib. Bu məsələ ilə bağlı hər iki ölkənin müvafiq qurumlarına iş aparmaq tapşırılıb.
Azərbaycan prezidentinin mətbuat xidməti isə görüşlə bağlı məlumatında humanitar yardım, iqtisadi-ticarət əlaqələri və Qarabağla Şərqi Zəngəzurun bərpası sahəsində Azərbaycanın təcrübəsinin Ukrayna üçün əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Zelenskinin açıqlamasında müqavilələrin maliyyə dəyəri, dronların sayı, istehsal və tədarük müddətləri barədə məlumat verilməyib. Həmçinin müqavilələrin konkret olaraq hansı şirkətlər arasında imzalandığı açıqlanmayıb.

